Azərbaycan Xarici İşlər Nazirliyi İraqda olan Azərbaycan vətəndaşlarının geri qaytarılması məsələsini diqqətdə saxlayır.
APA-nın xəbərinə görə, xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, Azərbaycanın İraqdakı səfirliyi bununla məşğuldur: “Bu, o qədər də asan məsələ deyil. Orada uşaqlar, qadınlar var. Biz oradakı yerli hakimiyyətlə əlaqədəyik. İlk növbədə araşdırılmalıdır ki, onlar İraqa niyə gediblər, hansı fəaliyyətlə məşğul olublar?”
E. Məmmədyarovun sözlərinə görə, artıq Nazirlər Kabinetində bununla bağlı İşçi qrup fəaliyyət göstərir: “Orada həm Xarici İşlər Nazirliyinin, həm də digər qurumların nümayəndələri təmsil olunur”.
"Həmsədrlər regiona sonuncu dəfə gələndə razılığa gəldik ki, seçkilər keçsin, sonra intensiv şəkildə danışıqları davam etdirəcəyik". Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir bildirib ki, nazirlərin və prezidentlərin sonuncu görüşlərində həmsədrlər tərəfindən məsələnin yerindən tərpədilməsi üçün kreativ fikirlər səsləndirilib.
"Hər iki ölkədə yeni hökumət qurulandan sonra danışıqları intensiv şəkildə davam etdirəcəyik", - deyə o qeyd edib.
E. Məmmədyarov seçkilərdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsinin mümkünlüyü barədə də danışıb.
"Seçkilərdən sonra nazirlərin görüşünün keçirilməsi fikri səsləndirilib. Mən inanıram ki, görüş olacaq, amma nə vaxt olacağını demək hələlik tezdir.
Əvvəlcə gərək hökumət formalaşsın", - deyə o vurğulayıb.