VI Qlobal Bakı Forumu mühüm məsələlərin müzakirə olunduğu məkandır. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycanın paytaxtında keçirilən “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Baş nazir qeyd edib ki, bu gün regional təhlükəsizlik üçün əməkdaşlığa daha çox ehtiyac var: "Ölkələr arasında münasibətlərin inkişafına kömək edə biləcək birgə layihələrin reallaşdırılması da çox mühümdür".
O bildirib ki, bu gün Türkiyə və Azərbaycan mühüm layihələr həyata keçirirlər: "Bu layihələr təkcə regionun inkişafına istiqamətlənməyib, eləcə də beynəlxalq miqyaslıdır".
B.Yıldırım əlavə edib ki, TANAP boru kəməri belə vacib layihələrdən biridir: "Türkiyə müttəfiq və dostların sayını artırmaq siyasəti yürüdür. Böhranın həlli üçün bütün ölkələr birlikdə fəaliyyət göstərməlidirlər".
“İkili standartların tətbiqi Cənubi Qafqazda münaqişələrin həllinə mane olur”
“İkili standartların tətbiqi Cənubi Qafqazda münaqişələrin həllinə mane olur” deyən Baş nazir qeyd edib ki, Azərbaycan ərazilərinin işğalı qəbuledilməzdir: “Gec və ya tez Azərbaycan torpaqlarının işğalı başa çatacaq”.
Qeyd edək ki, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində başladı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar, və o dövrdən bəri ATƏT Minsk qrupunun himayəsində və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki uğursuz sülh danışıqları davam etdirilir.
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi işğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə dörd qətnamə Ermənistan tərəfindən bugünədək icra olunmayıb.
Qarabağ, Suriya, İraq və digər yerlərdə törədilən qətliamları unutmamalıyıq
“Biz səylərimizi birləşdirməliyik, Qarabağda, Suriyada, İraqda və digər yerlərdə törədilən qətliamları unutmamalıyıq, “Qarabağda yaşananlar bizim məsələlər deyildir” deyə bilmərik. Haqsızlığa səssiz qalmaq olmaz”. Bunu da Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
Baş nazir bildirib ki, bölgədə problemlərin həlli üçün səylərin birləşdirilməsi vacibdir: “Təəssüflər olsun ki, bunun əksinə olaraq rəqabət gedir”.
B.Yıldırım Bakı-Tbilisi-Kars dəmir yolu xəttindən də danışıb. O qeyd edib ki, Qafqaz regionunun təhlükəsizliyi üçün Gürcüstan, Azərbaycan və Türkiyə birgə addımlar atır: “Regionda bir sıra beynəlxalq layihələr həyata keçirilir. Bakı-Tbilisi-Qars dəmiryol xətti vasitəsilə Çindən Londona qədər kəsintisiz əlaqə yaradılacaq. Buna bənzər layihələrin sayı artdıqca, regionda təhlükəsizlik möhkəmlənəcək”.