Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkiləri ilə bağlı müstəqil media mərkəzi yaradılıb. “Trend”in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın dünən keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, müstəqil media mərkəzində hazırlıq işləri başa çatıb və bu gün açılışı olacaq. MSK sədrinin sözlərinə görə, istənilən maraqlı tərəf, prezidentliyə namizəd, onun səlahiyyətli nümayəndəsi media mərkəzində mətbuat konfransları keçirə və mərkəzin digər imkanlarından yararlana bilər.
MSK sədri, həmçinin, KİV-i seçkilərlə bağlı prosesləri ətraflı işıqlandırmağa çağırıb: “Seçkilərlə bağlı imza vərəqələrinin yoxlanması ilə bağlı cəmiyyətə az informasiya çatdırılır. Bizim iclasda deməyimiz kifayət etmir. Bunu cəmiyyətə mətbuat çatdırmalıdır”.
Prezident seçkiləri ilə bağlı 5 milyon 347 min 803 seçki bülleteni çap olunacaq. Bu barədə də Mərkəzi Seçki Komissiyasının (MSK) dünən keçirilən iclasında seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları haqqında məlumat verilərkən bildirilib.
Qeyd olunub ki, bülletenlər səsvermə gününə 35 gün qalmış çap edilməlidir.
İclasda Aydın Mirzəzadə Yeni Azərbaycan Partiyasının seçkilərdə məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib.
Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı 7 namizəd namizədliyinin qeydə alınması üçün tələb olunan imza vərəqələrini və digər zəruri sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Bunu isə MSK-da fəaliyyət göstərən İşçi Qrupun rəhbəri Etibar Quliyev jurnalistlərə deyib.
İşçi Qrupun rəhbəri qeyd edib ki, martın 12-də saat 18:00-a qədər namizədlər namizədliyin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri sənədləri MSK-ya təqdim etməlidir.
E.Quliyev deyib ki, namizədin qeydə alınması üçün zəruri seçki sənədləri İşçi Qrup tərəfindən araşdırılır. O bildirib ki, bu proses davam edir: “MSK imzaların yoxlanması prosesini açıq elan edib. Yəni kim istəyirsə, imzaların yoxlanması prosesi ilə tanış ola bilər”.
KİV nümayəndələri MSK-da prezidentliyə namizədlərin təqdim etdiyi seçici imzalarının yoxlanması prosesi ilə tanış olub. Bildirilib ki, bundan öncə də siyasi partiyaların nümayəndələri, namizədin səlahiyyətli nümayəndələri prosesi izləyib.