NATO üzvü və Avropa İttifaqının gələcək üzvü kimi Monteneqro Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Bunu Trend-ə müsahibəsində Monteneqronun xarici işlər naziri Sercan Darmanoviç deyib.
Nazir qeyd edib ki, Monteneqro tərəfdaşlarla əməkdaşlıq yolu ilə beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin olunmasına öz töhfəsini verməkdə davam edəcək: “Monteneqro, həmçinin ATƏT-in Minsk qrupunun səyləri və BMT qətnamələrinə, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində yüksək səviyyəli konstruktiv dialoqun dəstəklənməsini davam etdirəcək”.
S.Darmanoviç bildirib ki, Monteneqronun Baş naziri Duşko Markoviç yaxın vaxtlarda Azərbaycana səfər edəcək. Nazir qeyd edib ki, iki ölkə arasında münasibətlərin və əməkdaşlığın gələcəkdə möhkəmləndirilməsi ilə əlaqədar yaxın vaxtlarda Monteneqronun Baş naziri D.Markoviç və parlament sədri İvan Brayoviçin Azərbaycana səfəri təşkil olunacaq: "Azərbaycanla Monteneqro arasında münasibətlər yüksək siyasi və işgüzar səviyyədədir. Dostluq münasibətlərimizin əsas səhifəsi 2013-cü ildə Monteneqro və Azərbaycan prezidentləri Filip Vuyanoviç və İlham Əliyevin imzaladığı dostluq münasibətləri və tərəfdaşlıq haqqında bəyannamədir".
S.Darmanoviç qeyd edib ki, bu il Bakıda keçiriləcək iki ölkə arasında Birgə İqtisad Komitənin növbəti iclası, şübhəsiz ki, gələcək əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsinə imkan verəcək.
O əlavə edib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Podqoritsaya səfəri gözlənilir.
Xatırladaq ki, bundan əvvəl Monteneqro Prezidenti Filip Vuyanoviçin martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcəyi barədə məlumat verilmişdi.