Bu günlərdə DİN Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissəsinin yaranmasının 29-cu ildönümü qeyd olunub.
Əvvəlcə mərasim iştirakçıları hərbi hissənin ərazisində torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə təzə-tər gül dəstələri qoyub, daha sonra hərbi hissənin klubunda təntənəli tədbir keçirilib. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni ifa olunub.
Hərbi hissə komandiri, mayor Emil Rüstəmov mərasim iştirakçılarına hərbi hissənin ötən illərdə keçdiyi döyüş yolu haqqında məlumat verərək, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi hissənin şəxsi heyətinin xüsusi şücaət və fədakarlıq nümunələri göstərdiyini, Daxili Qoşunların ilk şəhidi, çavuş Hətəmxan Babayevin və Daxili Qoşunların Milli Qəhrəmanı Ruslan Muradovun da məhz bu hərbi hissədə xidmət etdiklərini bildirib. Horadiz sərhədyanı yaşayış məntəqəsinin və 12-dən artıq kəndin azad olunması ilə nəticələnən döyüşlərdə 19 nəfərin şəhid olduğunu, 3 nəfərin isə itkin düşdüyünü qeyd edib.
Sonra ildönümü münasibətilə şəxsi heyətə daxili işlər nazirinin müavini, Daxili Qoşunlar Komandanının təbrik məktubu çatdırılıb.
Daha sonra xidmətdə fərqlənmiş, yüksək peşə hazırlığı, nümunəvi intizam nümayiş etdirən hərbi qulluqçular mükafatlandırılıb.
Mərasimdə iştirak edən DİN Veteranlar Şurasının sədri, ehtiyatda olan polis polkovniki Fərhad Süleymanov çıxış edərək şəxsi heyətə təbriklərini çatdırıb, döyüş hazırlığı səviyyəsini daim yüksək saxlamağı, nizam-intizama riayət etməyi tövsiyə edib.
Daxili Qoşunların Veteranlar Şurasının sədri, ehtiyatda olan polkovnik Çingiz Daşdəmirov və veteran, ehtiyatda olan polkovnik Əli Adıgözəlov da ildönümü ilə əlaqədar şəxsi heyətə öz təbriklərini çatdırıb.
Daxili Qoşunların nümunəvi hərbi orkestri şəxsi heyət qarşısında ədəbi-bədii kompozisiya ilə çıxış edib.
Zeyni HÜSEYNOV DİN Mətbuat Xidmətinin əməkdaşı