Fevralın 24-də Azərbaycanın Britaniyadakı Səfirliyinin dəstəyilə London Azərbaycanlı Qadınlar Klubu Xocalı soyqırımına həsr olunmuş “Xocalı – Uşaqların gözü ilə” adlı rəsm sərgisi təşkil edib. Azərbaycan Respublikasının dövlət himni ilə açılan sərgidə Britaniyada yaşayan azərbaycanlı uşaqların Xocalı soyqırımı ilə bağlı rəsm əsərləri nümayiş etdirilib.
Daha sonra tədbirin təşkilatçısı Sevil Aslanova çıxış edərək, qonaqlara Xocalı soyqırımı və ümumilikdə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzkar siyasəti barədə ətraflı məlumat verib.
Öz növbəsində, Azərbaycanın Britaniyadakı səfiri Tahir Tağızadə Sevil Aslanovaya təşəkkür edərək, sərgidə məhz uşaqların əl işlərinin nümayiş edilməsini Britaniyada yaşayan azərbaycanlı uşaqların vətənpərvər ruhda böyüməsi baxımından təqdirəlayiq hal kimi qiymətləndirib.
Daha sonra uşaqların çəkdiyi rəsm əsərləri nümayiş olunub və uşaqlara səfirlik adından hədiyyələr təqdim edilib.
Tədbirdə, həmçinin, gənc ifaçı Ayda Müşərrəf “Sarı Gəlin” mahnısını ifa edib.
Sərgidə Britaniya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri, Milli Məclisin üzvü Cavanşir Feyziyev, London Azərbaycanlı Qadınlar Klubunun üzvü olan xanımlar və onların uşaqları, səfirlik əməkdaşları və onların ailə üzvləri, eləcə də media nümayəndələri iştirak edib.