2017-ci ildə Azərbaycanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müxtəlif adda müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib. Trend-in məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib.
Nazir bildirib ki, bu gün Müdafiə Sənayesi Nazirliyi respublikanın güc qrumlarının sifarişlərinin icrası ilə yanaşı, 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir. 2017-ci ildə ixrac olunan məhsulun həcmi 2016-cı illə müqayisədə 2,3 dəfə artıb.
2017-ci ildə müdafiə təyinatlı məmulatlarla yanaşı, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə də işlər davam etdirilib.
Hesabat dövründə nazirliyin müəssisələrində Müdafiə Sifarişi Proqramına müvafiq olaraq 126 mövzunu əhatə edən 136 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri aparılıb.
2017-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı ilə bağlı məqsədyönlü işlər davam etdirilib. Müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcmində 2016-cı illə müqayisədə 10 faiz artım əldə olunub.
Yeni nəsil silah növlərindən ”Yalquzaq” snayper tüfənginin, müxtəlif mm-lik minaatanların, müxtəlif mm-lik əl qumbaraatanının, zirehli texnikalar üçün tüstü qumbaraatan qurğusunun və tüstü qumbarasının, KXP tipli optik kollimatorun, qəlpəli minalı atəş yığımının və F-1 tipli əl qumbarasının seriyalı istehsalı təşkil olunub.
Eyni zamanda, alınma texnologiya əsasında müxtəlif mm-lik kalibrli döyüş sursatları üçün müxtəlif tipli partladıcıların, avtomat və pulemyotlar üçün 4 adda lülənin istehsalat hazırlığı başa çatdırılmış və seriyalı istehsalı mənimsənilib.
Yavər Camalov bildirilib ki, yaxın zamanlarda Azərbaycanda daha iki hərbi zavodun açılışı nəzərdə tutulur. Qeyd olunub ki, Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan və ötən illərdə aparılan tikinti, yenidənqurma işlərindən sonra istismara verilən 56 istehsal müəssisəsi ilə yanaşı, 2017-ci ilin iyununda iki istehsalat müəssisəsində kompleks tamamlanma işləri başa çatdırılıb və Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.