ABŞ Konqresinin üzvü Frenk Pallone Amerika erməniləri milli komitəsinin (ANKA) təhrikilə Konqresə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı çağırış edib.
Pallone Konqres üzvlərini “süni baryerləri aşaraq”, ABŞ-la Qarabağ arasında (!) birbaşa əlaqə qurmağa çağırıb. Konqresə təqdim etdiyi “ABŞ-Artsax: səyahət və əlaqə” adlı qətnaməsində o göstərir ki, ötən ilin sentyabrında bu “ölkəyə” səfəri zamanı burada demokratik idarəetmənin, böyük inkişafın şahidi olub və digər şəxslərə də bunları görmək imkanı yaradılmalıdır. Konqresmen deyib ki, ABŞ tanınmama yolu ilə inkişafına əngəl törədilən belə ölkələrə yardım etməli, onların önünü açmalıdır.
Erməni mətbuatı ANKA-nın bu qətnaməyə görə Frenk Palloneyə təşəkkür etdiyini yazır. Lakin bəlli məsələdir ki, bu işin arxasında dayanan da elə adıçəkilən təşkilatdır. Frenk Pallone isə həmin təşkilat tərəfindən “beyni yuyulmuş” növbəti qurbandır. Belə olmasaydı, onun ən azı Azərbaycanın xəritəsi barədə təsəvvürü olardı. Xəritədə Azərbaycanın tam ortasında yer alan əzəli və əbədi bölgəsində zor gücünə ikinci erməni dövlətinin yarana biləcəyini düşünmək üçün isə kor olmaq lazımdır - həm birbaşa, həm də siyasi anlamda...
SAMİRƏ