“Dağlıq Qarabağ münaqişəsini tərəflər yalnız özləri həll edə bilər”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov 2017-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Rusiya tərəfinin bu məsələnin həlli ilə bağlı konkret planları ola bilməz: “Rusiya ABŞ və Fransa ilə birlikdə belə bir həllin əldə olunması üçün şəraitin yaradılması istiqamətində əlindən gələni edir”.
“Biz son illərdə intensiv səylər göstərmişik ki, tərəflərin bütün mövqelərini ümumiləşdirək, üst-üstə düşən yanaşmaları ortaya çıxaraq və onları ortaq məxrəcə gətirək. Həmçinin onlara ortaq fikrə gələ bilmədikləri məsələlərdə kompromis variantlarını deyək. Bu iş ötən il ərzində də intensiv və mütəmadi şəkildə aparılıb. Həmsədrlər ümumi mövqeyə malikdir. Tərəflər həmsədrlərin nə düşündüyünü bilir. Lakin qərarı tərəflər verməlidir”, - deyə o vurğulayıb.
"Biz gözləyirik ki, bu il də Azərbaycan və Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hansısa müsbət impulslar olacaq. Şadıq ki, ötən il prezidentlərin və nazirlərin görüşü olub. Həmsədr ölkələrin nümayəndələri bu görüşdə iştirak edib".
Bu sözləri də Rusiya xarici işlər naziri Sergey Lavrov 2017-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
S.Lavrovun fikrincə, indi vacib olan odur ki, təmas xəttində vəziyyətin sakit olması üçün əlavə addımlar atılsın: "Bu siyasi həllə keçməyə də kömək edər. Bu məsələni bir sənədlə birdəfəlik həll etmək mümkün deyil . Məsələyə mərhələli yanaşma lazımdır. Bu mərhələli yanaşma nəyi indi etməyin mümkünlüyünü göstərəcək, münaqişənin yekun həlli və Dağlıq Qarabağın statusu ilə bağlı əlavə müzakirəyə ehtiyac olan yolları müəyyən edəcək. Yəni iş tərəflərin üzərindədir”.
"Rusiya-Azərbyacan münasibətləri prezidentlərin və xarici işlər nazirlərinin ən intensiv dialoquna əsaslanır" - deyən Lavrov "Azərbaycanlı həmkarımla ötən il qarşılıqlı səfərlər etdik. Müntəzəm olaraq iki ölkə arasında humanitar tədbirlər keçirilir. Buna misal olaraq humanitar forumu və digər tədbirlər göstərmək olar. İki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların həcmi artır. Bu işlər öz axarında gedir. Ona görə də bunların reqlamenti üçün xüsusi sənəd tələb olunmur. Hökumətlərarası komissiya müxtəlif sahələrdə fəaliyyət göstərir. Biz Azərbaycan Respublikası ilə strateji tərəfdaşlıqdan çox məmnunuq"- deyə bildirib.