"Şərq -Qərb" nəşriyyatı Azərbaycanın dəyərli ziyalılarından biri, ölkəmizin Türkmənistandakı səfiri Həsən Zeynalovun "Diplomatın tale yolu" kitabını çap edib.
Kitab ümummili lider Heydər Əliyev məktəbinin yetirməsi, peşəkar diplomat Həsən Zeynalovun zəngin, mənalı ömür və tale yolundan bəhs edir. Həsən Zeynalov Azərbaycan dövlətinin təmsilçisi olaraq, səfir və elçi statusunda uzun bir ömür və fəaliyyət yolu keçib, hazırda da diplomatik fəaliyyətini davam etdirir. Kitab Həsən Zeynalovun Naxçıvanın Bakıda Daimi nümayəndəsi, Azərbaycan Republikasının Qarsda, sonra İstanbulda Baş konsulu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Daimi nümayəndə, hazırda isə Türkmənistanda və Əfqanıstanda fövqəladə və səlahiyyətli səfir kimi səmərəli fəaliyyətini əks etdirən faktlar, rəsmi və mətbuat sənədləri, canlı xatirələr əsasında ədəbi-publisistik üslubda qələmə alınıb.
İctimai-siyasi elmlər sahəsində təhsil alan tələbə, magistrant və doktorantlar, ümumiyyətlə vətənpərvər, millətsevər oxucular üçün nəzərdə tutulan bu kitab Azərbaycanın görkəmli diplomatının həyat və fəaliyyətini, diplomatiya tariximizin müəyyən səhifələrini öyrənməkdə oxuculara faydalı olacaq.