Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə Quba rayonunda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bünyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışlarının gedişatını izləmək üçün həmin əraziyə səfər edib.
Trend-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə baş tutan səfərdə Xınalıq qəsəbəsində bir qrup media nümayəndəsi nazir müavini ilə birlikdə axtarışları izləyib.
“İtkin düşən üç alpinist tapılana kimi axtarışlar davam etdiriləcək”. General-leytenant Faiq Tağızadə bunu itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bununla bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərovun tapşırığı var.
F.Tağızadə qeyd edib ki, itkin düşən alpinistlər düzgün marşrut üzrə getməyiblər: "Onlar ən asan - B 1 marşrutu üzrə hərəkət etməliymişlər. Sonradan marşrut dəyişib. Həmin marşrut üzrə ərazilər seçilib, birinci ərazi yoxlanılıb, orada alpinistlərə rast gəlinməyib”.
Nazir müavini həmçinin deyib ki, alpinistlərin üzərində GPS sistemi olmalı idi: "Lakin təəssüflər olsun ki, onların üzərində bu cihaz olmayıb".
F.Tağızadə vurğulayıb ki, alpinistlərin axtarışı ilə peşəkar heyət məşğul olur: “Burada qeyri-peşəkarlar çalışa bilməzlər. Burada avstriyalı mütəxəssislər iştirak edirlər”.
“Təxmin edilən ərazidə qar uçqunları və hava şəraitinə görə itkin düşmüş alpinistlərin axtarışın aparmaq çox risklidir”. Bunu isə itkin düşmüş 3 nəfər alpinistin axtarışlarına cəlb edilən Avstriya Daxili İşlər Nazirliyinin dağ-xilasetmə polisi Adolf Herrer deyib.
O qeyd edib ki, hazırda axtarış-xilasetmə xidmətinin əməkdaşları itkin düşən 3 nəfər alpinist axtarışı ilə bağlı əllərindən gələni edirlər.
O bildirib ki, alpinistlər əslində Tufandağa çıxmaq istəyiblər, lakin havaşəraitinə görə marşrutu dəyişiblər: "Biz yalnız təxmin edə bilərik ki, onlar hansı istiqamətdə hərəkət ediblər. Havanın pisləşməsi nəticəsində müvəqqəti düşərgə qurublar. Səhəri gün də hava yaxşılaşmayıb deyə, Tufandağa getdikləri istiqaməti müəyyənləşdirmək mümkün olmayıb. Onların üzərində xüsusi cihazlar olmalı idi, həmin avadanlıqlar üzərlərində olsaydı, onları tapmaq asan olardı".
Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.