Dünən Bakı Yeni – 2018-ci ili qarşıladı. Təpədən dırnağa işıqlara – gözəlliyə qərq olmuş paytaxtda sakinlərin Yeni ili açıq havada, əsasən də Bakının ən gözəl guşələrindən olan Milli Parkda qarşılamaq ənənəsi bu il də davam etdi, amma çox fərqli və önəmli bir yeniliyin müşayiətilə...
Xəbər verildiyi kimi, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bayram günlərində şəhər polisinin gücləndirilmiş iş rejimində işləməsi barədə əmr imzalayıb. Nazirin bu göstərişi şəhərdə elə bir intizamın yaranmasına gətirdi ki, illərlə adətən bulvar boyu ərazidə - Neftçilər küçəsində sakinlərin avtomobilləri necə gəldi park etməsi üzündən yaranan tıxaclar, bunun da nəticəsində yaşanan gərginliklərdən əsər-əlamət belə qalmadı. Bibiheybət qəsəbəsində yaşayan Tural Səfərov deyir ki, ötən illərdə bayram günlərində sözügedən istiqamətdə yaranan qələbəlik yolu keçilməz etdiyindən, evə gedərkən vaxtını tıxaclarda itirir, bir çoxları kimi gərginlik yaşayırdı. Bu il isə tam fərqli mənzərənin şahidi olub:”Növbətçi polislər Bulvara gələn sakinlərə yaxınlaşaraq nəzakətlə maşınlarını xüsusi parklanma ərazilərində saxlamağa, ondan sonra arxayın şəkildə Milli Park ərazisinə daxil olmağa dəvət edirdi və çox xoşdur ki, sakinlər də bunu anlayışla qarşılayır, deyilənə birmənalı əməl edirdi. Nəticədə isə bayram günü Bakıda görünməmiş bir intizamın şahidi olduq”.
Şəhər əhalisinin və Bakının qonaqlarının həm təhlükəsizliyinə, həm də əsl bayram ovqatı yaşamasına hesablanmış bir davranış sərgiləmiş polis qardaşlarımızın Yeni ili ailələrinin, sevdiklərinin əhatəsində deyil, məhz biz şəhər sakinlərinin bayram ovqatına xələl gəlməsin deyə növbədə keçirdiyi nəzərə alınarsa, onların hər birinə bir təşəkkür borcumuz olduğunu deyə bilərik. O üzdən hər kəsin adından deyirik:
Yeni ildə yeni uğurlara, dəyərli asayış keşikçilərimiz!
Baki-xeber.com