Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev dekabrın 29-da saat 11:00-da Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev pr.) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən Xızı, Sumqayıt, Abşeron, Qobustan rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənəcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar dekabrın 28-i saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Sumqayıt Baş Gömrük İdarəsi (əlaqə telefonu: (018) 655-16-19) ilə əlaqə saxlayıb qəbula yazıla bilər.
Dövlət Gömrük Komitəsi vətəndaşların işə qəbulla bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq bildirir ki, gömrük orqanlarına xidmətə qəbul “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010-cu il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları” əsasında test üsulu ilə həyata keçirilir. Qeyd edilən fərmana uyğun olaraq “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları gömrük orqanlarında xidmətə qəbul üçün Dövlət Gömrük Komitəsinin internet saytına müraciət edərək elektron şəkildə ərizə daxil etməklə test imtahanlarında iştirak edə bilər.
Test imtahanının və ya müsahibənin nəticələri ilə bağlı namizədlər həmin nəticələr rəsmi internet saytında yerləşdirildiyi gündən 10 (on) iş günü müddətində Dövlət Gömrük Komitəsində təşkil edilmiş Apelyasiya Komissiyasına müraciət edə bilər. Həmin müddət başa çatdıqdan sonra bu qəbildən olan müraciətlərə baxılmır.