Daşdəmir Əliyev: “Bizim də istəyimiz budur ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti doğrudan da böyük hünər, rəşadət göstərməklə yeni təsis edilən “Rəşadət” ordeninə layiq bilinsinlər”
Azərbaycanın bütün silahlı qüvvələri üçün yeni “Rəşadət” ordeni təsis edilir. Ordenin təsdiq olunması ilə bağlı layihə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunub.
Layihəyə görə, “Rəşadət” ordeni Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçulara aşağıdakı xidmətlərinə görə təqdim olunacaq:
- Əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə görə;
- Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;
- Fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə görə;
- Dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.
Layihədə bildirilir ki, “Rəşadət” ordeninin 3 dərəcəsi var. 1-ci dərəcəli “Rəşadət” ordeni ən yüksək dərəcədir.
Layihə Milli Məclisin noyabrın 14-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Yeni ordenin təsisi Silahlı Qüvvələrimizin şəxsi heyəti üçün nə kimi əhəmiyyətə malik olacaq?
Ekspert Daşdəmir Əliyevin sözlərinə görə, istənilən mükafat insanları həvəsləndirir: “Xüsusilə də Silahlı Qüvvələrdə mükafatların çox böyük simvolik mənası olur. Hərb tarixində bu çoxdan var. Ölkəmizdə də Silahlı Qüvvələr üçün müxtəlif mükafatlar təsis edilib. İndiyə kimi qəhrəmanlıq göstərən və layiq olan hərbçilərimiz həmin mükafatlarla təltif ediliblər. Yeni ordenin təsis olunması da müsbət haldır və bizi sevindirir. Ordenin adı çox uğurlu seçilib. Çünki hərb meydanında rəşadət göstərməyə böyük ehtiyac var. “Rəşadət” ordeninin başqa önəmli xüsusiyyətlərindən biri də budur ki, onu yalnız döyüş meydanında göstərilən şücaətlərə görə verməyəcəklər. Təqdimatından da görünür ki, yeni orden konkret deyil, bütün silahlı qüvvələr üçün nəzərdə tutulub. Fövqəladə hallar zamanı, sərhədlərin mühafizəsində və başqa sahələrdə göstərilən şücaətə, rəşadətə görə ordenin təqdimatı onun geniş spektri əhatə edəcəyindən xəbər verir. Bizim də istəyimiz budur ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti doğrudan da böyük hünər, rəşadət göstərməklə yeni təsis edilən “Rəşadət” ordeninə layiq bilinsinlər”.
Məhəmmədəli QƏRİBLİ