“Washington Post” Ermənistanın region üçün ciddi təhlükə mənbəyi olan Mütsamor AES-indən geniş yazı hazırlayıb.
Baki-xeber.com-un xəbərinə görə, fotolarla təqdim olunan məqalədə müəllif Stefano Morelli AES-in yerləşdiyi Metsamoru “həyatla ölümün arasında yaşayan şəhər” kimi təqdim edir. Yazır ki, seysmoloji cəhətdən təhlükəli ərazidə tikilən AES-də üstəlik nüvə reaktoru da müdafiə örtüyü olmadan fəaliyyət göstərir ki, məhz bu iki təhlükəli cəhət də region üçün böyük nüvə hədəsi deməkdir. Məqalədə xatırladılır ki, 1989-cu ildə Spitak zəlzələsindən sonra stansiya bağlansa da, sonradan bu ölüm kabusu yenidən işə salınmaqla regionu təhdid etməyə başlayıb. O qeyd edir ki, 2011-ci ildə “National Geographic” Metsamoru “dünyanın ən təhlükəli atom elektrik stansiyası adlandırıb.
Müəllif yazısında bildirir ki, daşıdığı bütün risqlərə baxmayaraq, AES hələ də işləyir, əhali isə sovet dövründə stansiyanın işçiləri üçün tikilmiş köhnə evlərdə təhlükənin bir addımlığında yaşamağa davam edir. Amerikan nəşri qeyd edir ki, Morelli bu ilin yanvar ayında bölgəyə səfər edərək bu şəhərin acınacaqlı vəziyyətini fotoaparatın obyektivinə köçürüb. Müəllifi ən çox heyrətləndirən isə enerji çatışmazlığı üzündən şəhərin küçələrinin belə işıqlandırılmaması olub.
Məqaləni təqdim edən “Vestnik Kavkaza” saytı məsələyə ekspert rəylərini də öyrənib. Rusiyalı ekspert Yuri Uşkov sayta məsələni şərh edərkən deyib ki, Ermənistanın bu ölüm kabusunu işlətməkdən başqa əlacı yoxdur, çünki əks halda o, elektrik enerjisini idxal etməli olacaq ki, dilənçi vəziyyətində olan ölkənin buna sadəcə maddi imkanı yoxdur. Üstəlik, qonşu ölkələrdən heç birinin Ermənistana elektrik enerjisi ötürmək imkanının olmadığını deyən ekspert bildirir ki, bu halda İrəvanın yeganə əlacı Azərbaycandadır.
İndilikdə isə özünün işğalçılıq siyasəti üzündən Ermənistanın iqtisadi blokadası davam edir və fotolardan da göründüyü kimi, ermənilərin “enerji şəhərində” insanlar ağacları kəsib odun etməklə qışdan çıxmağa çalışır...
SAMİRƏ