Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun bu gün keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklərin Azərbaycan Konstitusiyasının tələblərinə uyğunluğu barədə əsaslandırılmış rəy verilib.
Trend-in məlumatına görə, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarını oxuyub.
F.Abdullayev bildirib ki, təklif edilən dəyişikliklər Azərbaycan Konstitusiyasının müddəalarına zidd deyil və ümumxalq səsverməsinə çıxarıla bilər.
"Azərbaycandakı inkişaf prosesləri Konstitusiyaya dəyişiklikləri labüd edir”. Bunu isə Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prezidenti Administrasiyasının (PA) Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib.
Ş.Əliyev Konstitusiyaya təklif edilən dəyişikliklər haqqında məlumat verib. O bildirib ki, Azərbaycan Konstitusiyasına edilən son dəyişikliklərdən 7 il ötür.
PA rəsmisi qeyd edib ki, ötən 7 il ərzində Azərbaycanda xeyli inkişaf prosesləri baş verib və bu inkişaf Konstitusiyaya dəyişiklikləri labüd edir.
"Azərbaycan Respublikası prezidentinin təklif etdiyi və bu gün Konstitusiya Məhkəməsinin rəy verdiyi Konstitusiya Aktı layihəsi ilə aktla bağlı referendumun tarixini təyin etmək cənab prezidentin səlahiyətindədir”. Bunu isə APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin sədrinin 1-ci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.
Z. Əsgərovun sözlərinə görə, Referendum Aktında göstərilib ki, referendumun tarixi prezidentin səlahiyyətinə aid olan məsələdir.
Qeyd edək ki, iyulun 18-də Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsi rəhbər tutularaq, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilmişdi.
Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezident postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.