Ötən gecə Türkiyənin Bodrum rayonundan qaçaq yolla Yunanıstanın Kilimli (Kalimnos) adasına üzmək istəyən qayıq batıb. Baki-xeber.com-un Habertürkə istinadən xəbərinə görə, 14 metr uzunluğunda olan qayıqda Suriya, İraq və Pakistandan olan qaçqınlar olub. Qayıq sahildən cəmi 2 mil aralandıqdan sonra devrilib. Nəticədə 18 nəfər həlak olub, 14 nəfəri isə xilas etmək mümkün olub. Lakin onların da vəziyyətinin ağır olduğu bildirilir. Faciəyə səbəb kimi suriyalı kapitanın idarə etdiyi qayıqın köhnə olması göstərilir və həddən artıq yüklənmə səbəbindən içərisinə su dolaraq devrildiyi bildirilir.
Olayın ardından sahil mühafizə xidməti dənizde axtarış-xilasetmə işlərini davam etdirib. Araşdırmalar nəticəsində məlum olub ki, qaçqınlardan adambaşına min dollar almaqla onlara yelkənli yaxta ilə adaya gediş vəd olunub. Sahilə gəldikdə isə köhnə bir qayıq görüblər. Bu üzdən hətta 20 nəfərin yolçuluqdan imtina etdiyi, Bodrumdakı pansionlara geri döndüyü ortaya çıxıb.
Olayla bağlı saxlanan iki nəfərin ətrafında istintaq başlanıb.