Azərbaycanın guya qoşunların təmas xəttində provokasiyalar tötətdiyini iddia edən erməni politoloq deyib ki, əslində Azərbaycan Ermənistanın və "Dağlıq Qarabağ Respublikası”nin bu provokasiyalara cavab olaraq preventiv tədbirlər görə biləcəyinin fərqindədir. "Novosti-Armeniya” agentliyinə açıqlamasında o deyib ki, Azərbaycan il yarımdır gərginliyin süni şəkildə artırılmasına çalışmaqla erməni tərəfinə təsir göstərmək istəsə də, buna nail ola bilməyib. Guya provokasiyaların artmasının səbəbi kimi isə o, Azərbaycanda daxili siyasi və iqtisadi situasiyanın gərginləşməsini göstərib...
Uydurduğu yalanlardan özü də vəcdə gələn başabəla politoloq getdikcə daha da coşaraq Azərbaycan manatının artıq üçüncü (!) devalvasiyanın astanasında olduğunu bildirir, rəsmi Bakının məhz bu səbəbdən gərginliyi körükləməkdə maraqlı olduğunu böyük bir kəşf kimi ortaya atır. Manatın nə zaman ikinci devalvasiyaya getdiyini açıqlamayan politoloq Türkiyənin bostanına daş atmağı da unutmayıb. Bu ölkənin hər zaman Azərbayanın yanında olduğunu anlayan və bundan ciddi əndişə duyan biri kimi o, Ankaranın Moskva ilə münasibətlərinin daha artıq pisləşməsində maraqlı olduğuna inanmadığını deyir. Lakin onun Azərbaycanın da Rusiya-Türkiyə münasibətlərinin pisləşməsində maraqlı olmadığını deməsilə də "xoruzun quyruğu görünür”. Yəni o, politoloq olaraq gözəl anlayır ki, Qarabağ ritorikası gerçəkləşmə həddinə gələrsə, Moskvanın Azərbaycana silah çevirməsi az inandırıcıdır. Üstəlik Azərbaycanın yanında Türkiyə kimi bir dövlət var ki, çözülməyən sərhəd problemi ilə çoxdan Ermənistana göz dağı verməkdədir. Onsuz da iqtisadiyyatı bərbad durumda olan ölkəsini Avrasiya İttifaqına az qala fakt qarşısında qoyaraq üzv etməklə isə Rusiyanın heç də ona yaxşılıq etmədiyini də anlayır.
Bütün bunlarla yanaşı bir şey maraqlıdır: neftin dünya bazarında ucuzlaşması Azərbaycanın özünü bir o qədər narahat etmədiyi halda minasyanlar niyə belə əl-ayağa düşüb?
Baki-xeber.com