Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları növbəti əməliyyat keçirir. Trend-in məlumatına görə, bu gün səhər saatlarında Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisindən silah-sursat, narkotik maddələr aşkar edilib. Əməliyyat zamanı hadisədə təqsirli bilinən daha 5 nəfərin saxlanıldığı bildirilir.
Sabunçu rayon Polis İdarəsindən Trend-ə faktı təsdiqləyiblər. İdarədən bildiriblər ki, hazırda əməliyyat qrupu Nardaran qəsəbəsindədir və əməliyyat davam edir.
Nardaran sakini Məşədi Natiq Kərimov isə Trend-ə bildirib ki, qəsəbədə əməliyyat dünən axşam saatlarından başlayıb və bir neçə nəfər saxlanılıb. Onun sözlərinə görə, saxlanılan şəxslərdən birinin adı Rəşiddir. N.Kərimov deyib ki, saxlanılan şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.
Xatırladaq ki, Nardaran qəsəbəsində bundan əvvəl noyabrın 26-da əməliyyat keçirilib. Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri həmin əməliyyat zamanı "Müsəlman Birliyi" adı ilə tanınan təşkilatın 14 üzvü saxlanılıb. Hadisə nəticəsində baş verən qarşıdurma zamanı ikisi polis əməkdaşı olmaqla 7 nəfər həlak olub.
Həmin əməliyyatdan sonra hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Nardaran qəsəbəsi nəzarətə götürülüb.
Bu arada, Nardaran qəsəbəsində yolların genişləndirilməsi ilə əlaqədar söküntü ərazisinə düşən mülkiyyət sahiblərinə kompensasiyalar veriləcək. "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, hazırda bununla bağlı sənədlər toplanılır. A.Nəcəfli qeyd edib ki, bütün sənədlər toplanandan sonra aidiyyatı qurumlara təhvil veriləcək: "Bütün işlər qanunvericiliyə uyğun aparılır. Sənədləşdirmə işləri Sabunçu Rayon İcra Hakimiyyəti və "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Sənədləşdirmə zamanı mülkiyyətləri genişləndirilən yolun ərazisinə düşən əmlak sahibləri sözügedən məsələlərlə bağlı məlumatlandırılır”.
Kompensasiyanın tənzimlənmə mexanizmindən danışan A.Nəcəfli vurğulayıb ki, Maliyyə Nazirliyi tərəfindən hər bir mülkiyyətçinin adına bank hesabı açılır: "Vəsait bank hesabına qoyulur. Alqı-satqı prosesindən sonra vəsait mülkiyyətçinin bank hesabına ödənilir. Sənədləşdirmə prosesi notarial qaydada aparılır".