Moskvanın nümayəndələri Kremlin Suriya böhranının siyası çözümü çərçivəsində Əsədin prezident postundan getməsinə hazır olduğunu bildirib. Baki-xeber.com-un xəbərinə görə, bu barədə "Reuters” Qərb ölkələrinin diplomatlarına istinadən xəbər verir.
"Rusiyalılar şəxsi söhbətlərdə Əsədin keçid dövrünün sonunda getməli olduğunu qəbul etdiklərini deyirlər, lakin hələlik bunu açıq şəkildə bəyan etməyə hazır deyillər” – deyə diplomatlardan biri nəşrə bildirib və bir neçə həmkarı da onunla razılaşıb. Onların sözlərinə görə, Qərblə Rusiya arasında Suriya problemi ilə bağlı ciddi fikir ayrılığı qalmaqdadır, lakin bu getdikcə azalır. Eyni zamanda o da qeyd olunur ki, digər tərəfdarı Tehranla müqayisədə Moskva Əsədlə distansiya saxlamağa daha hazır görünür. Yüksək çinli bir diplomat isə agentliyə danışıb ki, Rusiya hökuməti Əsədi əvəzləyəcək namizəd də hazırlayıb, lakin o, detalları açmayıb. Analoji mövzuda Tehran barəsində isə hər hansı informasiya yoxdur.
Daha öncə ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi ənənəvi brifinqdə bildirmişdi ki, Suriyaya beynəlxalq dəstək qrupunun üzvləri arasında Bəşər Əsədin taleyi ilə bağlı razılıq yoxdur.