Dekabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda www.science.az saytının yaradılmasının 20 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə AMEA-nın ilk veb-müxbiri Turan Rəhimova AMEA-nın Fəxri Diplomu ilə təltif olunub, xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Turan Rəhimova 1982-ci ildə Bakı şəhərində anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Beynəlxalq Universitetində jurnalistika ixtisası üzrə bakalavr təhsili, 2004-2007-ci illərdə isə Bakı Avrasiya Universitetində beynəlxalq hüquq ixtisası üzrə magistratura təhsili alıb.
O, 2004-cü ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda jurnalist kimi əmək fəaliyyətinə başlayıb, science.gov.az veb-portalının ilk müxbiri olub, həmçinin science.gov.az, ict.gov.az veb saytlarına xəbər və informasiyaların toplanması, emal olunması, foto-şəkillərin çəkilməsi və dizayn olunması ilə məşğul olub.
Qeyd edək ki, jurnalist T.Rəhimova hazırda AMEA-nın İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması idarəsinin Mətbuat orqanları şöbəsində müdir müavini vəzifəsində çalışır, "Elm və həyat" jurnalının məsul katibidir.
LEYLA