ABŞ Müdafiə naziri Eşton Karter nizamnaməni pozaraq şəxsi e-mail akkauntundan iş yazışmaları aparıb. Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə "The New York Times” xəbər yayıb.
Nəşrin xəbərinə görə, Pentaqon başçısı şəxsi poçtundan işgüzar məqsədlə iki ay boyu istifadə edib. Hələlik Eştonun konkret bu praktikaya nə zaman son qoyduğu, həmçinin bu poçta vasitəsilə neçə məktub göndərdiyi və neçəsini aldığı bəlli deyil. Lakin Ağ Evdə məsələdən may ayinda xəbər tutublar. Bundan sonra Aparat rəhbəri Dennis Mak-Donoya Pentaqona bununla bağlı sorğu göndərmək tapşırılıb. 16 dekabrda Karterin mətbuat katibi bəyan edib ki, müdafiə naziri şəxsi e-mail-ndən istifadə etməklə doğru hərəkət etmədiyini etiraf edib. Onun sözlərinə görə, bundan sonra Pentaqon başçısı ümumiyyətlə rabitənin bu növündən istifadəni dayandırıb.
Qeyd edək ki, 2012-ci ildə ABŞ Müdafiə nazirliyi, vəzifəsindən və ranqından asılı olmayaraq, bütün əməkdaşların şəxsi e-maildən işgüzar məqsədlərlə istifadəsini yasaqlayan qərar qəbul edib. Ötən il isə ABŞ prezidenti Barak Obama federal məmurların şəxsi e-mail akkauntundan işgüzar məqsədlərlə istifadəsini qadağan edən qanun imzalayıb.
Onu da xatırladaq ki, analoji qalmaqal daha öncə eks dövlət katibi, hazırda ABŞ prezidentliyinə namizəd Hillari Klinton ətrafında yaşanıb.