Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan Akif Çovdarov növbəti dəfə vəkili ilə görüşüb. Bu barədə Trend-ə A.Çovdarovun vəkili məlumat verib.
Vəkil bildirib ki, A.Çovdarov hazırda 1 saylı Bakı İstintaq təcridxanasında saxlanılır və vəziyyəti normaldır: "Saxlanma şəraiti tam normaldır. Hər dəfə görüşəndə problemləri ilə maraqlanıram. Hələlik heç nədən şikayəti yoxdur”.
A.Çovdarovun şikayət etməsi, ailə üzvlərinin dövlət başçısına müraciəti ilə bağlı yayılan məlumata gəlincə, vəkil qeyd edib ki, müdafiə etdiyi şəxsin adından mətbuatda yayılanlar yalandır: "Onun vəkili mənəm. Mən bu barədə mətbuata heç bir açıqlama verməmişəm. Nə bu vaxta qədər Akif Çovdarov heç kəs barəsində heç kəsə şikayət etməyib, nə də ailə üzvləri. Bunlar Akif Çovdarovun adından yayılan yalan məlumatlardır".