Dekabrın 17-də İstanbul şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz arasında görüş keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə nazirləri ölkələrimiz arasında hərbi əməkdaşlığın daim inkişaf etdiyini, strateji tərəfdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd ediblər.
Tərəflər bu günlərdə Bakıda keçirilən Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasının nəticələrini əks etdirən yekun Protokolunun imzalanmasını da xüsusi qeyd edərək Silahlı Qüvvələrimiz arasında əlaqələrin inkişaf perspektivləri, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın imkanları, birgə təlimlərin keçirilməsi, o cümlədən regional və qarşılıqlı tərəfdaşlığa dair bir sıra məsələlər barədə müzakirələr aparıblar.
Bundan başqa İstanbul şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli formatda görüş də keçirilib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlığın üçtərəfli formatda inkişaf perspektivləri, dünyada və regionda cərəyan edən proseslər, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin olunması istiqamətində fəaliyyətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Xüsusilə vurğulanıb ki, üç qonşu xalq arasında dostluq əlaqələri inkişaf edir və dövlətlərimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər xalqlarımızın iradəsini əks etdirir. Qarşılıqlı etimada əsaslanan bu əlaqələr regionda sülhün və sabitliyin, davamlı inkişafın bərqərar edilməsi, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynayır.
Danışıqlardan sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirilib. Müdafiə nazirləri üçtərəfli görüşün yekunları barədə medianı məlumatlandırıblar.