Onun sözlərinə görə, bu, mümkün neft dağıntılarına görə ekoloji fəlakətin qarşısını tam almağa imkan verdi.
Yanan qaz quyularının söndürülməsi yekun mərhələdədir.
N.Quliyev bildirib: "Biz onları qısa müddət ərzində söndürməyə çalışırıq. Yanğın söndürüldükdən sonra platforma yenidən qurulacaq. Bundan sonra quyular yenidən istismara veriləcək".
Bu gün səhər saatlarından başlayaraq "Günəşli" yatağında itkin düşmüş neftçilərin axtarışları yenidən bərpa edilib. Dekabrın 4-də "Günəşli" yatağında baş vermiş qəza ilə əlaqədar yaradılmış xüsusi qərargahdan Trend-ə verilən məlumata görə, axtarışlarda Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin şəxsi və texniki heyəti iştirak edir. Ümumilikdə axtarışlara 8 gəmi, 13 helikopter, 1 təyyarə və dalğıclar cəlb edilib.
Qərargahdan qeyd ediblər ki, itkin düşmüş neftçilərin axtarış miqyası daha da genişləndirilib. Xəzər ətrafı qonşu ölkələrə müraciət olunub və həmin ölkələrin sərhəd sularında da axtarışlar aparılır.