Dekabrın 17-də Holiday İnn otelində Avropa Şurasının Bakı ofisinin təşkilatçılığı ilə "Azərbaycanda Ifadə Azadlığı və Media Azadlığı" layihəsi çərçivəsində "Ifadə Azadlığı: Jurnalistlərin Təhlükəsizliyi, Gender Bərabərliyi və media" mövzusunda iki günlük Dəyirmi Masa öz işinə başlayıb.
Azərbaycan media təmsilçiləri üçün keçirilən tədbirdə birinci hissəsində Azərbaycan və xarici ölkələrdən gələn ekspertlər çıxışlar etdi. Onlar ifadə azadlığı, jurnalist təhlükəsizliyi, gender bərabərliyi və media barədə respublikamızın qanunvericiliyində, eləcə də Avropa Şurasının sənədlərində əks olunan tələblərdən danışdılar. Dəyirmi Masada Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxış edərək, tədbirin keçirilməsini yüksək qiymətləndirdi. Mövzunun aktuallığına diqqət çəkən Ə.Amaşov qeyd etdi ki, ifadə azadlığı, jurnalist təhlükəsizliyi, gender bərabərliyi məsələsi hər zaman müzakirə edilir. Şura sədrinin bildirdiyinə görə, ölkəmizdə jurnalistlərin informasiya almaq, toplamaq, yaymaq hüququ var və buna qarşı senzura yolverilməzdir. Azərbaycan mediasının inkişafından danışan Ə. Amaşov bildirdi ki, Azərbaycanda yeni media formalaşıb-internet jurnalistikası:"Bilirsiz ki, əvvəllər insanlar informasiyanı radio, televiziya və qəzetlərdən alırdı, indi isə interdən alırlar. Hazırda isə sosial şəbəkələrdən məlumat alanların sayı çoxalıb. Artıq dünyanın tanınmış insanlarının çoxu sosial şəbəkələr vasitəsi ilə fikirlər bildirir”. Ə.Amaşov qeyd etdi ki, etiraz aksiyaları və hərbi əməliyyatlar zamanı jurnalistlərin təhlükəsizliyi məsələsinə xüsusi əhəmiyyət verilir. Bu məsələ ilə bağlı Mətbuat Şurasında monitorinq qrupu yaradılıb, bu qrup hadisənin harada baş verməsindən asılı olmayaraq hadisə yerinə gedir, qarşıya çıxan çətinliyi aradan qaldırır. Azərbaycanda gender bərabərliyi sahəsində heç bir problem olmadığını qeyd edən Ə.Amaşov Şərqdə ilk dəfə qadınlara seçki hüququnun ölkəmizdə verildiyini bildirdi.
Dəyirmi Masada Prezident Adminstrasiyasının təmsilçisi Vüqar Səlimov bu sahədə həyata keçirilən dövlət siyasətindən danışıdı. Azərbaycanda mətbuatın azadolduğunu, ifadə azadlığının təmin olunduğunu bildirən V.Səlimov onu da qeyd etdi ki, siyasi mövqeyindən asılı olmayaraq, dövlət bütün media qurumlarına eyni qaydada yanaşır. Dövlət rəsmisi qeyd etdi ki, hər bir jurnalist ifadə azadlığının verdiyi imkanlardan istifadə edərək informasiya əldə edib yaya bilər. Bunun demokratik cəmiyyətin göstəricisi olduğunu vurğulayan V.Səlimov ölkəmizdə gender bərabərliyi sahəsində problemin olmadığını dedi.
Tədbir sabah öz işini davam etdirəcək.