Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illik yubileyinə həsr olunmuş genişləndirilmiş kollegiya iclasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov nazirliyin hərbi hissə komandirləri qarşısında tələb qoyub.
Trend-in məlumatına görə, iclasda K.Heydərov bildirib ki, heç bir komandir əsgərlər arasında ayrı-seçkilik yaratmamalıdır: "Bu, istər gənc əsgər olsun, istərsə də xidmət müddətinin bitməsinə az qalmış əsgər olsun. Heç bir halda ayrı-seçkilik olmamalıdır”.
Bir müddət öncə FHN-in Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində əsgər ölümünə toxunan K.Heydərov bu hadisədən çox kədərləndiklərini diqqətə çatdırıb: "İnanılmaz hadisə baş verdi. Orada nəzarəti güclü şəkildə həyata keçirməyən adamlar həbs edildilər”.
Nazir qeyd edib ki, tədbirlər bundan sonra da davam edəcək: "Hərbi hissələrdə hər hansı kiçik nöqsan baş verərsə, həmin tabora, manqaya, hissəyə rəhbərlik edən zabit cəzalanacaq”.
Nazir bildirib ki, bəzi rayon və şəhər icra hakimiyyətləri təmir-tikinti işləri zamanı yanğına davam gətirməyən materiallardan istifadə ediblər. Nazir qeyd edib ki, Bakının Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğın zamanı yanğınsöndürənlər ölümlərini gözləri önünə alaraq çoxlu sayda insanları xilas etdilər: "Təəssüflər olsun ki, yanğında 15 nəfər həyatını itirdi. Təəssüflər olsun ki, nazirliyin müvafiq qurumlarının dəfələrlə rayon və şəhər icra hakimiyyətlərinin başçılarına xəbərdarlıq məktublarına, göstərişlər verməsinə baxmayaraq, bəzi rayon və şəhər icra hakimiyyətləri binaların əsaslı təmirində yanğına davamlı olmayan materiallardan istifadə edib. Biz sonra da gördük ki, icra hakimiyyətləri abadlıq zamanı yanğına davamlı olmayan materiallardan istifadə ediblər. Bu, istintaqda da üzə çıxır”.