Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, SOCAR və BP şirkətlərinin mütəxəssilərindən ibarət birgə işçi qrupu qəza baş vermiş ərazidə xüsusi təchiz edilmiş gəmilər və helikopterlər vasitəsilə müşahidələr aparmışdır. "Günəşli” yatağı və "Neft daşları” ərazilərində, eləcə də onların ətrafında neft sızıntılarına dəlalət edən ciddi ləkələr müşahidə olunmamışdır. Eyni zamanda dünya təcrübəsinə uyğun olaraq dənizdə neft sızıntılarının aşkarlanması və neftlə çirklənmələrin müəyyənləşdirilməsi məqsədilə hadisə yerində həm optik, həm də radar peyk çəkilişləri aparılmışdır. Bəzi kütləvi informasiya vasitələrində qəzadan sonra guya əraziyə neft dağılması ilə bağlı yayılmış məlumatlara rəğmən, "Azərkosmos” ASC, Kanadanın MDA şirkətinə məxsus "Radarsat-2” peykinin Xəzər dənizində apardığı radar tipli peyk çəkilişlərinin təsvirləri işçi qrupun monitorinqinin nəticələrini təsdiq edir.