"Günəşli" yatağında itkin düşmüş neftçilərin axtarışları bu gün də davam etdirilir. Dekabrın 4-də "Günəşli" yatağında baş vermiş qəza ilə əlaqədar yaradılmış xüsusi qərargahdan Trend-ə verilən məlumata görə, hava şəraitindən asılı olmayaraq itkin düşmüş neftçilərin axtarışlarına hətta dalğıclar da cəlb edilib.
Bundan başqa, axtarışlarda Fövqəladə Hallar Nazirliyinin (FHN) 3 gəmisi, 2 helikopteri və bir dənizə enə bilən "B-200ÇS” təyyarəsi, Dövlət Sərhəd Xidmətinin 5 gəmisi və 9 helikopteri də iştirak edir.
Platformada yanğının söndürülməsi istiqamətində də işlər davam etdirilir. Yanğının söndürülməsində hazırda 6 gəmi iştirak edir. Həmçinin yanğının söndürülməsi üçün "Boots&Coots” şirkətinin sifarişi əsasında ölkəyə gətirilən avadanlıqlar artıq gəmilərdə quraşdırılıb. Hazırda "Boots&Coots”un da yanğının söndürülməsində iştirak etməsi üçün hazırlıq işləri görülür. Qərargahdan "Boots&Coots”un artıq bu gün yanğının söndürülməsi işinə qoşulmasının mümkün ola biləcəyini deyiblər.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov isə deyib ki, "Günəşli” yatağındakı yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Nazir bildirib ki, yataqdakı 10 saylı dərin dəniz özülündə yanğınsöndürmə işlərinin birinci fazası başa çatıb: "Artıq bir quyunun ağzı bağlanıb. Digər quyularda da yanğının söndürülməsi üçün işlər davam etdirilir".
K.Heydərov qeyd edib ki, yanğının söndürülməsi, yəqin ki, yaxın vaxtlarda başa çatacaq. Onun sözlərinə görə, itkin düşən neftçilərin axtarışları hər gün davam edir: "Havanın pis olduğu günlərdə də işlər davam etdirilir. Axtarışlar üçün başqa vasitələrdən də istifadə edəcəyik. Estakadaların dibinə baxış keçiriləcək”.