Rusiya hərbi aviasiyasının Suriyanın İdlib şəhərini bombalaması nəticəsində 25 nəfər həlak olub, 30-dan çox insan yaralanıb. Baki-xeber.com xəbər verir ki, xalq özünümüdafiə qərargahından Tarik Aryan Anadolu Agentliyinə açıqlamasında əsasən İdlibin neft məhsullarının alış-veriş mərkəzinə aviazərbələr endirildiyini bildirib.
"25 nəfər həyatını itirdi, 30 nəfərdən çox yaralanan var. Meyitlərin çoxu yanıb. Neft məhsulları bazarının yaxınlığındakı yaşayış məntəqələrinə ciddi ziyan dəyib, xeyli avtomobil dağılıb” – deyə Aryan durumu şərh edib.
Suriya müxalifətinə aid SLN xəbər agentliyi Rusiyanı hərbi cinayət törətməkdə ittiham edib, qeyd edib ki, aviazərbələrə məruz qoyulan ərazidə qaçqınlar yaşayır. Yerli jurnalistlərin bildirdiyinə görə, ötən il analoji zərbəni həmin əraziyə rejim qüvvələri endirmiş, nəticədə xeyli sayda insan itkisi qeydə alınmışdı.
Bu arada Suriya hüquq müdafiə təşkilatı (SNHR) Rusiya aviasiyasının 30 sentyabrdan başlayaraq bu günə kimi davam edən hücumları nəticəsində Suriyada ümumilikdə 583 nəfərin öldüyünü açıqlayıb ki, onlardan 152 nəfəri uşaq, 60 nəfəri qadındır.