Artıq xəbər verildiyi kimi, 34 islam ölkəsi Yaxın Şərqi viran qoymuş terrorçu birləşmələrə qarşı daha effektiv mübarizə aparmaq üçün bir araya gələrək Səudiyyə Ərəbistanının patronajı altında koalisiya yaratmağa qərar verib. Baki-xeber.com-un xəbərinə görə, hazırda Azərbaycanın da koalisiyaya üzvlüyü məsələsinə baxılır.
Azərbaycan Xarici işlər Nazirliyinin rəsmisi H.Hacıyev bildirib ki, məsələ ilə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əl Cubeir arasında telefon danışığı olub və bu xüsusda təmaslar davam etdirilir: "Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, ölkəmizin bu qəbildən olan hər hansı strukturlarda iştirakı ölkədaxili prosedurların tələbləri əsasında nəzərdən keçirilməlidir. Hazırda məsələyə baxılır. Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayır".
Maraqlıdır ki, hər dəfə Azərbaycanın adı önəmli geosiyasi hadisələrin fonunda çəkilərkən olduğu kimi, bu dəfə də ermənilərin məsələyə reaksiyası özünü çox gözlətməyib. Belə ki, erməni şərqşünası Sarkis Qriqoryan panorama.am saytına açıqlamasında qərəz və qısqanclığını gizlətməyib. Ümumilikdə islam ölkələrinin koalisiya yaratması yönündə təşəbbüsünü şübhə altına alan şərqşünas deyib ki, Bakının terrora qarşı mübarizə aparmaq təcrübəsi olmadığından (!), onun bu genişmiqyaslı koalisiyaya qoşulmasında bir məna görmür. "Azərbaycan koalisiyaya heç bir şey verməyəcək” – deyən Qriqoryana xatırlatmaq yerinə düşər ki, Azərbaycan 24 ildir İŞİD-dən heç də az təhlükəli olmayan erməni terroru ilə üz-üzədir və bu illər ərzində üzləşdikləri ona kifayət qədər təcrübə qazandırıb. Azərbaycan onun təmsil etdiyi toplumun (onlara xalq demək doğru deyil) işğalçı siyasəti üzündən bir milyon qaçqın da görüb, dinc sakinlərin hər cür vəhşi üsullarla qətlə yetirilməsini də. İŞİD edam səhnələri yaysa da, kişilərin boynunu vurması ilə öyünüb, erməni cəlladlarının aktivinə yazdığı kimi hamilə qadınların qarnını yarıb körpəsini doğramayıb, körpə uşaqları borulara dolduraraq ağzını qaynaqlamayıb! O üzdən yaxşı olar ki, Qriqoryan və onun kimilər öncə dönüb arxalarına, keçdikləri yola nəzər salsınlar.
Bəlli məsələdir ki, ermənilərə təsir edən beynəlxalq miqyasda Azərbaycanın terrorizmdən əziyyət çəkən dövlət kimi təqdim olunmasıdır. Axı bununla onların illərlə apardığı propoqanda iflasa uğrayır....
Samirə SƏFƏROVA