Co Bayden ABŞ prezidentliyinə namizəd ola bilər. Bu barədə baki-xeber.com New York Times-ə istinadən xəbər verir. Nəşrin xəbərinə görə, ABŞ vitse-prezidenti hələlik imkanlarını götür-qoy edir və bu barədə açıqlama verməyə tələsmir. Lakin onun ətrafı aktiv şəkildə informasiya toplamağa başlayıb. Xəbərdə o da bildirilir ki, Co Bayden namizəd olarsa, demokratlar arasında qüvvələr balansını dəyişəcək və Hillari Klinton üçün təhlükə yaradacaq. "Co Baydenin adamları artıq demokrat liderlərə və onların sponsorlarına müraciət etməyə başlayıb və bu o zaman baş verir ki, onlar xanım Klintonun namizəd kimi zəifliyindən getdikcə daha çox narahat olmağa başlayıblar”- deyə xəbərdə bildirilir.
New York Times onu da xəbər verir ki, hələlik cənab Bayden diqqət cəlb etmək istəmir. O, bütün görüşlərini iqamətgahında keçirir, namizədlik söhbətlərini isə yalnız ailəsi və yaxın ətrafı ilə edir. Bildirildiyinə görə, Baydenin namizədliyini gündəmə gətirməsinin bir səbəbi də vaxtilə oğlu Bo Baydenin bunu ondan istəməsidir. Məsələ burasındadır ki, 46 yaşlı Bo Bayden bu il mayın 30-da beyin xərçəngindən dünyasını dəyişib və ata Bayden onun bu istəyini artıq vəsiyyət kimi qəbul edir.