10/12/2018 00:26
728 x 90

Mədəniyyət kanalında “Saz-söz axşamı” proqramı nümayiş olunacaq

Layihə Azərbaycan Aşıqlar Birliyi ilə AzTV-nin müştərək işidir

img

Mədəniyyət kanalında yeni proqram efirə çıxacaq.

Bu barədə saytımıza Mədəniyyət Televiziyasının redaktoru Adil Quliyev məlumat verib. A.Quliyevin bildirdiyinə görə, yeni layihə Azərbaycan Televiziyası və Azərbaycan Aşıqlar Birliyinin müştərək işidir.  “Saz-söz axşamı” adlanan verilişin ilk sayı dekabrın 16-da çəkilib. Verilişin ilk sayının qonağı ustad aşıq, Prezident təqaüdçüsü Mahmud Məmmədov, əməkdar mədəniyyət işçisi aşıq Samirə Əliyeva, aşıq Nazim Quliyev və aşıq Nəbi Nağıyev olub.

“Saz-söz axşamı” proqramı Azərbaycan aşıq sənətinin təbliği ilə bağlıdır.

Qeyd edək ki, Azərbaycan Televiziyası zaman-zaman öz efirində aşıq sənətinin təbliği istiqamətində yaddaqalan, əhəmiyyətli  dərəcədə gərəkli olan layihələr, proqramlar yayımlayıb. Bu layihədən öncə “Musiqi xəzinəsi” proqramının həftədə bir sayı aşıq sənətinə həsr edilirdi. Lakin artıq iki ildir ki, sözügedən proqram efirə çıxmır. “Saz-söz axşamı”nın “Musiqi xəzinəsi” formatında olacağını deyən A.Quliyev onu da bildirdi ki, veriliş həftədə bir dəfə (ayda 4 dəfə) Mədəniyyət Televiziyasında nümayiş olunacaq. Beləliklə, sazsevərlər  “Saz-söz axşamı”na tezliklə  tamaşa edəcəklər.

Qeyd edək ki, proqramın aparıcısı Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri, əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, redaktoru isə Adil Quliyevdir. Elə verilişin ideyası, onun ərsəyə gətirilməsi  də M.Qasımlı və A.Quliyevin birgə əməyinin nəticəsidir.

Azərbaycan dövlətinin aşıq sənətinə qayğı və diqqəti belə bir proqramın efirə çıxmasına böyük şərait yaradıb. Məlumdur ki, bəzi istisnaları nəzərə almasaq,  televiziyalarda aşıq sənətinin təbliğinə bir o qədər də yer verilmir. Ancaq Azərbaycan Televiziyası aşıq sənətinin təbliğinə hər zaman geniş meydan açıb.

Əziz sazsevərlər, yaxın vaxtlarda “Saz-söz axşamı”na baxa bilərsiniz!

İradə SARIYEVA

Son xəbərlər