O nə şairdi, nə yazıçı, nə rəssam, nə də ki, bəstəkar. Haqqında yazdıqlarımı oxuyandan, onu tanıyandan sonra özünüz deyəcəksiniz ki, doğrudan da əsl könül adamıdır.
Əslində, bu yazını çoxdan yazmalıydım, özü də lap çoxdan. Neynək, qismət bugünəymiş. Söz də insan kimidir, onun da taleyi, qisməti, alın yazısı olur. Söz də doğulur və insan kimi ömrünü başa vurur...
Mətləbi uzatmayıb, başlamaq istəyirəm. Bilənlər bilir ki, bir işi dərindən öyrənmək üçün bilikli, bacarıqlı olmaqla yanaşı, görüb-götürmüşlərin təcrübəsindən yararlanmalısan. Bu bütün xidmət sahələrində belədir. Həyat dəmirçi kürəsi kimidir, onun zindanında döyülməsən, sənə yaşadığını, var olduğunu hiss etdirən ağrıları sevməsən, üzünə zamanın sehrli qapıları açılmaz...
Dünyada ən çətin iş öyrətməkdir. Gələcəyi, sabahı düşünüb öyrətməyin həm də bir adı var - xalqa və dövlətə xidmət. Xalqa və dövlətə xidmət eləyənləri, gənclərə yol göstərənləri, "torpaqda izi, süfrədə üzü olanları" yada salmaq, xalqın özünə tanıtmaq üçün "qılıncımızı"-qələmimizi "qınından" çıxarıb işə başladıq.
Hami-tərbiyəçilik institutu sovet milisinin də, bugünkü Azərbaycan Polisinin də formalaşmasında xüsusi önəm daşıyan amillərdəndir. Gənc əməkdaşlara xidmətin sirrini, hətta çətinliyini belə öyrətmək üçün seçilən insanlar nəyə təhkim olunduqlarının məsuliyyətini yaxşı bilir. Məhz buna görə də hər əməkdaşı hami-tərbiyəçi təyin etmirlər. O, fərd kimi yetkin, psixoloji baxımdan hazırlıqlı, xidmət etdiyi sahədə ən azı beş illik iş təcrübəyə malik biri olmalıdır. O, himayəsinə götürdüyü gənc əməkdaşa qanunvericiliyi, peşəsinin sirlərini öyrətməklə yanaşı, həm də onu elə formalaşdırmalıdır ki, həmin gənc üçün insani dəyərlər ən böyük meyar olsun.
O, yetirmələrinə insanlıq dərsi keçib, insanı, Vətəni, peşəsini sevməyi öyrədib, qanuna söykənib halal yaşamağın, təmiz adla ucalmağın yolunu göstərib...
Müslüm Rəhim oğlu İsmayılov 1942-ci ildə Laçın rayonunun Sadınlar kəndində doğulub. Böyük Vətən savaşının evlərə, ailələrə gətirdiyi bədbəxtliklərin içində böyüdükcə dərdlə-qəmlə qol-boyun olub. Heç özü də bilməyib ki, doğma atası da alman faşistləri ilə ölüm-dirim savaşındadır. Əmisi Kərimi və Muxtarı müharibənin udmasını da görməyib, bircə yadında onların ölüm xəbərini gətirən "qara kağız"ları nənəsinin sinəsinə sıxıb ağlaması qalıb. Bilməyib ki, dərdinə nə ad qoysun, onu necə çağırsın, dili dağlarda, dərələrdə açılıb. Sirdaşı Laçının əsrarəngiz təbiəti olub, sirrini mamırlı daşlara danışıb. Bəxti üzünə gülüb. Atası sağ-salamat müharibədən qayıdıb və o, dünyada ata adlı varlığın necə böyük və əzəmətli olduğunu görüb. Başını dilsiz daşlara, qayalara yox, atasının oddan-alovdan çıxmış sinəsinə söykəyib. Böyüdükcə ehtiyaclar da onunla böyüyüb. Yeddinci sinfə qədər yaxşı oxuyub, sadiq dostu kitablar olub. Ancaq anası dünyasını vaxtsız dəyişdikdən sonra içində qurduğu, sirrinə-sehrinə bələndiyi dünyasının düzəni itib, ayı-günəşi öz yerini səhv salıb. Yetim qalıb Müslüm İsmayılov. Atası və böyük qardaşı ilə birlikdə kolxozun malına, heyvanına çobanlıq edib. Analı uşaqları görəndə, üzdə hiss etdirməsə də, dərd dəyirman daşı kimi onu həyatın dibinə dartıb. Sağlığında anasının gecələr öpüb-oxşadığı totuq-motuq əllərinin tənhalığı yuxusunu ərşə çəkib, təklənib insanla dolu yer üzündə. Atası ona ana ola bilməyib. Ögey ana ağrısı sızıldayan yarasına duz basıb. Anasının soyuq məzarı ilə dərdləşməkdən başqa çarəsi qalmayıb. Gücü gözlərinin yaşına çatıb. "Sovet adamı dərdə, kimsəsizliyə, yetimçiliyə əyilməz" deyənləri ürəyində qınayıb da. Onların belə ruhsuz, duyğusuz olduğunu içinə sığdıra bilməyib.
1961-ci ildə hərbi xidmətə yollanıb. Çita vilayətində xidmət edib. Oranın soyuğu, şaxtası bu dağlar oğlunun, Laçın qartalının qaynar qanında əriyib, muma dönüb. 1964-cü ildə hərbi xidmətdən tərxis olunaraq Vətənə qayıdıb. Yenə də işin-gücün qulpundan yapışıb...
Yollar Bakıya aparır
Qohumlarından birinin yük maşınında Bakıya gələndə əynində əsgərlikdən gətirdiyi uniforma, cibində isə cəmi 3 manat pul var idi. Bakı Sadınlar kəndi deyildi ki, hər addımda doğmanla, əzizinlə rastlaşasan. Ağzını əjdaha kimi açan şəhərdə oğul istəyirdi ki, baş çıxarsın. O, həm anasızlıqla, həm laçınsızlıqla, həm də ehtiyacla döyüşməliydi və mütləq qalib gəlməliydi. İnsanlarla dil tapmağın çətin olduğunu bilirdi. Amma həyat çəkdiklərini qiymətləndirib.
Politexnik Texnikumuna daxil olub. Oranı bitirdikdən sonra 1971-ci ildə Avtomobil Nəzarəti Müfvəttişliyində işlə təmin olunub. Düz dörd il yarım orada xidmət edib. Sonra "DİN Partiya və sovet orqanlarını mühafizə edən milis şöbəsi"ndə xidmətini davam etdirib. Elə ulu öndərlə də ilk tanışlığı burda başlayıb.
Yaddaşında qalanlar...
Deyir ki, birinci gün ikinci növbəyə çıxmışdım. Yanıma bir oğlan gətirdilər. Dedilər ki, adı Rahib, soyadı Qarayevdir. Özü də Laçınlıdır. Rəhbərlik məni ona hami-tərbiyəçi təyin etmişdi. Beləcə, onunla bizim dostluğumuz başladı. Gördüm ki, saf oğlandır, yazı-pozudan başı çıxır, yaxşı təşkilatçıdır. Divar qəzetində yazdığı məqalələrlə rəhbərliyin də rəğbətini qazandı və beləcə xidmətdə uğurlar əldə etdi. Sonra Mərdəkanda Orta Milis Məktəbini bitirdi. Xidmətdə bişdi, bərkə-boşa düşdü və öz yerini tutdu. Bu gün isə polis polkovniki, DİN Şəxsi Heyətlə İş İdarəsinin rəisidir. Daxili İşlər Nazirliyinin rəhbərliyi sağ olsun ki, xalqını, dövlətini sevən insanları vəzifədə irəli çəkir, onlara etimad göstərir. Rahib Qarayev həm də ona görə mənim yadımda qalıb ki, o məni həmişə arayıb-axtarır, ən əsası, məni xatırlayır. Bu mənə bəsdir. Bilirəm ki, bu yazının da yazılmasının səbəbkarı odur. Bu yaşda unudulmadığını görmək bilirsinizmi necə böyük xoşbəxtlikdir?
Ulu öndəri sayğıyla anır...
"1979-cu il idi. Evim yox idi. Kirayələrdə qalmaqdan bezmişdim. O zaman Buzovna tərəfdə rəhbər vəzifəli şəxslərin sürücüləri üçün ev tikirdilər. Ulu öndər Heydər Əliyev bu məsələdən hali olandan sonra göstəriş verdi ki, həmin evlər bizlərə verilsin və mənim dörd uşaqla kirayədə yaşamaqdan canım beləcə qurtuldu", - deyir Müslüm İsmayılov.
Bu gün təqaüdçüdür...
Respublikamız müstəqillik əldə etdikdən sonra bəzi qurumlar DİN-in tabeliyindən çıxarılaraq, yeni yaranan Xüsusi Dövlət M?hafizə Xidmətinin tabeliyinə verilib. Məhz bu səbəbdən M.İsmaylov 1995-ci ildə elə bu qurumdan da təqaüdə çıxıb. İndi 75 yaşı var. Hərdən ona rahatlıq verməyən ürəyi ilə əlbəyaxadır. Xatirələrlə qol-boyun olub o yerlərin, Laçınının xiffətini çəkir. Bakıda yayın cırhacırında, nəfəskəsən istilərdə Novlu bulağı, Qara gölün yanındakı Çınqıllı bulağı, Göy bulağı, Bozdağdakı Oyuqlu bulağı və başı qarlı Laçın dağlarını arzulayır. Qulağına gələn hər sədada qələbə sözünü eşitmək istəyir. Yurd həsrətli biri kimi mən onu yaxşı anlayıram. Doğulduğun torpağın qoynunda olmayanda elə bil ki, havan çatmır, elə bil ki, ömürlük nəyisə itirmisən və gözün daim onu axtarır. Yer üzündə, gen dünyada dinclik tapa bilmirsən...
O da zamanın sınağından çıxan, başından qara yellər əsən, çiynindən dərdinin yelləncəyi asılan, ruhuna söykək verdiyi əsası ilə dərdləşən, həyatın ehtiyac üzünü, boz üzünü görənlərdəndir. O, həm də həmişə xatırlanan xoşbəxtlərdəndir. Yetirmələri generaldı, polkovnikdi, hardasa böyük vəzifə sahibləridir...
Onun Vətən həsrətini, yurd ağrısını, elə bu fikirləri əslində yazımın əvvəlində sizlərlə bölüşə bilərdim. Ona görə axıra saxladım ki, ürəyimi toxtada bilim.
Onu görəndə elə bildim ki, əziz bir kimsəmi görürəm. Amma sonra anladım ki, bütün yurd itirən insanlar bir-birinə doğmadır, əzizdir. Və bu dağlar oğlunun, bulaq suyu kimi duru insanın ruhuna, ovqatına simsar olmaq mənim üçün tanrının xoşbəxtliyi idi. Böyütdüyü dörd övladla - Anar, Mətanət, Vüsalə və Aygünlə, ömür-gün yoldaşı Rəna xanımla və 13 nəvəsi ilə şərəfli, əsl Azərbaycan kişisinə layiq bir ömür yaşayır.
Bu gün oğlu Anar onun yolunu davam etdirir. O, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı, mayordur.
Özünü Həkərinin xırdaca bir daşı adlandıran Müslüm İsmayılovu mən Xəzərin qoynunda sal qaya kimi gördüm. Gördüm ki, illərin selləri-suları, dalğaları onu daha vüqarlı, daha dəyanətli edib. Söhbət əsnasında dediyi bu fikri isə heç zaman unutmayacağam: "İki-üç il bundan əvvəl istədim ki, yaşadıqlarımı, xatirələrimi, bir sözlə, ömrümü-günümü kağıza köçürüm. Sonra fikirləşdim ki, axı hansı xoş günümü qələmə alım?.."
Onun ən böyük dərdi Laçındır. Və indi söz olaraq deyilsə də, gün gələcək, lap elə bu günlərin birində biz Laçına dönəcəyik, mütləq dönəcəyik, Müslüm müəllim!
Hafiz TƏMİROV polis mayoru