Təbiət insana, insan da təbiətə çox yaxın, həm də çox doğmadır. İnsan harada yaşılılıq görürsə, ora bir gözəllik ünvanı kimi baxır, təbiətin gözəlliklərindən həzz alır.
Təbiət insanı həmişə öz qoynuna səsləyir. Təbiətin səsini eşidib ona tərəf qaçmaq, qucağında dincəlmək lazımdır. Qorabişirən ay olmasına baxmayaraq, bura çox sərindir. Sanki heç yay bura qədəm basmayıb. Mərkəzi Nəbatat bağı Bakının qoynunda kiçik, füsunkar bir meşəni xatırladır, özü də sehirli bir meşəni. Azərbaycan təbiətinin nadir bitkilərinin becərildiyi, artırıldığı və qorunduğu Nəbatat bağı bura yolu düşən hər kəsi heyran etməyə bilmir. Yaşıllıq, çoxillik ağaclar, qeyri-adi bitkilərlə zəngin olan Nəbatat bağının səliqə-sahmanına söz ola bilməz.
Bu məkan turistlərin, məktəblilərin, tələbələrin mütəmadi olaraq gəldiyi, gəzib təbiətin gözəlliyini seyr etdiyi bir məkandır. Kiçik bir meşəni xatırladan Mərkəzi Nəbatat bağına qulluq edən insanlar böyük fədakarlıq göstərirlər.
Burada olanda öyrəndik ki, Bakı şəhərində ilk dəfə olaraq Botanika bağının yaradılması haqqında təkliflər keçən əsrin 30-cu illərində irəli sürülüb. Məlumata görə, o vaxtlar Bakı şəhəri iri neft sənayesi və respublika mərkəzi kimi abadlaşdırılmalı və yaşıllaşdırılmalı idi. Botanika bağının elmi-tədqiqat müəssisəsi olması ilə əlaqədar olaraq 1932-ci ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsinin botanika bölməsində P.V.Kovalskaya -İlinanın rəhbərliyi altında yaşıllaşdırma bölməsi təşkil olunub və burada bitkilərin örtülü və açıq şəraitdə becərilməsi işinə başlanıb.
Mərkəzi Nəbatat bağı həqiqətən də elə bir məkandır ki, burada hər bitkinin, çiçəyin öz tarixi, öz becərilmə üsulu var. Onu da vurğulayaq ki, burada həm Azərbaycan, həm də dünya təbiətinə xas olan bitkilərin böyük qayğı ilə bəsləndiyinin şahidi olduq. Mərkəzi Nəbatat bağını gəzib dolaşdıqca, hər bitkiyə böyük qayğı göstərildiyini gözümüzlə gördük. Kiçik meşəni xatırladan bağ bizim üçün böyük bir aləm təsiri bağışladı. Sanki insan əli ilə yaradılan bir yaşıllıq dünyasında yox, Tanrının nəfəsi ilə süslənmiş bir cənnət bağında olduq. Burada təmizlik, bitkilərə xüsusi qulluq edilməsi diqqətimizi xüsusi olaraq çəkdi.
Burada hovuzlar, hovuzlarda nadir su zambaqları da göz oxşayır. İnsanı saflığa, gözəlliyə səsləyən bağın gözəl təbiəti, sözün həqiqi mənasında, ruhlara dinclik verir.
80 ildən artıq bir müddətdə mövcud olan Mərkəzi Nəbatat bağı öz gözəlliyi, təmizliyi ilə göz oxşamaqla yanaşı, həm də zəngin bitki örtüyü ilə diqqəti cəlb edir. Məlumatımıza görə, bu zəngin aləmi yaratmaq üçün alimlərə, aqronomlara, mütəxəssislərə uzun illər gərək olub. Bildirilənə görə, 1935-1938-ci illər ərzində burada institut binası, oranjereyalar, istixanalar, bağın əməkdaşları üçün yaşayış binası, emalatxanalar və təsərrüfat binalarının inşası həyata keçirilib.
Onu da öyrəndik ki, təşkil olunduğu 1936-cı ildən müstəqil təşkilat kimi fəaliyyət göstərdiyi 2000-ci ilədək Botanika bağı Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun şöbəsi olub.
Mərkəzi Nəbatat bağının həyətində yerləşən Botanika İnstitutu da Azərbaycan florasının öyrənildiyi, tədqiq edildiyi, təbliğ olunduğu məkandır. Onu da vurğulayaq ki, bu institutun ilk direktoru Qafqaz florasının görkəmli tədqiqatçısı, akademik Aleksandr Alfonsoviç Qrossheym, Botanika bağının ilk direktoru isə Mixail Vasilyeviç Brjezitskiy olub. Keçən əsrin 30-cu illərindən etibarən Botanika bağının sahələrində Azərbaycan və ekzot floradan olan bitkilərin kolleksiyasının yaradılması ilə yanaşı, texniki, dərman bitkiləri üzərində elmi-tədqiqat işləri aparılır.
Bildirilənə görə, 1937-1940-cı illərdə bağ üçün nəzərdə tutulan ərazilərdə neft hasilatı üçün quyuların qazılması ilə əlaqədar bağın sahəsi 16 hektar qalır. 1941-45-ci illər arasında baş verən ağır müharibə illəri tikinti işlərinin dayandırılmasına, introduksiya işlərinin ləng getməsinə səbəb olsa da, alimlərimiz böyük fədakarlıqla yerli floradan olan ağac və ot bitkilərinin üzərində elmi-tədqiqat işlərini davam etdirib.
Qeyd edilənə görə, 1948-1952-ci illərdə Botanika bağına rəhbərlik biologiya elmləri namizədi Əhməd Şərbət oğlu Hacıyevə və sonralar biologiya elmləri namizədi Muxtar Əli oğlu Rəhimova həvalə olunur. Bu illərdə bağın ərazisini genişləndirmək məqsədilə Əhmədli yaylasında yeni bağ sahəsi ayrılır və orada yaşıllaşdırma işlərinə başlanır. Lakin 1954-cü ildə bu bağ sahəsi alınır və əsas işlər Botanika bağının indiki ərazisində davam etdirilir.
Onu da qeyd edək ki, 1952-ci ildə Botanika bağının direktoru vəzifəsinə b.e.d. Qasım Fərrux oğlu Axundov, 1956-ci ildə isə b.e.d. Vahid Cəlal oğlu Hacıyev təyin edilir və bağda əkin işləri böyük vüsət alır. 1957-ci ilin iyun ayından bağın direktoru vəzifəsinə Leninqrad Meşə Mühəndisliyi Akademiyasını bitirmiş, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun müəllimi, k.t.e.n. Üzeyir Musa oğlu Ağamirov təyin edilir. 1950-1960-cı illər ərzində Botanika bağında suvarma suyunun çatışmaması introduksiya işlərinin aparılmasına maneçilik törədir. 1960-cı ildə Ceyranbatan su anbarının tikilməsi və həmin suyun Botanika bağına verilməsi bağda əkin və elmi-tədqiqat işlərinin genişləndirilməsinə imkan verib. Elə həmin dövrdə bağın 16 hektarlıq sahəsinə yaxın olan 25 hektar yaşıllıq sahəsinin Botanika bağına verilməsi bağın sahəsinin 41 hektaradək artmasına səbəb olur.
Onu da vurğulayaq ki, 1960-1978-ci illər bağın çiçəkləndiyi illər hesab olunur. Bu illərdə Botanika bağı Bakı, Gəncə, Sumqayıt şəhərləri və Naxçıvan MR-in, o cümlədən Bakı şəhərinin Yaşıllaşdırma Təsərrüfatı və Abşeronun sənaye müəssisələrinin (Bakı Məişət Kondisionerləri Zavodu, "Azərelektroterm", Radio və Gəmi təmiri zavodları), məktəb və bağçaların yaşıllaşdırılması üçün 10 mindən artıq ağac, kol və çiçək bitkiləri (100 növdən ibarət) verib.
Beləliklə, Botanika bağında M.Brjezitski, İ.Səfərov, M.Mikayılov, R.Rəhimova, A.Əliyev, S.Pityayev, Ü.Ağamirov, M.Ağamirova, M.Rəhimov, K.Quliyev, Ə.Məsiyev, T.Kazımova, İ.Qolniyeva, Ş.Babayev, R.Babayev, C.Mirzəliyev, A.İsgəndərov, N.Babayev, A.Bayramov, O.İbadlı, M.Qurbanov və başqa görkəmli alimlər elmi-tədqiqat işləri aparıblar. 1970-ci ildən başlayaraq Abşeronun və Bakı şəhərinin yaşıllaşdırılması üzrə dövlət tədbirləri Botanika bağında ağac və kol bitkilərinin introduksiya işlərinin daha da genişləndirilməsinə səbəb oldu. Bu illərdə Botanika bağının yeni ərazisində botaniki-coğrafi rayonlaşdırma prinsipinə görə sahələrin yaradılması işlərinə başlandı. 1977-ci ildə akademik Həsən Əliyevin rəhbərliyi ilə yaradılmış xüsusi komissiya Bakı şəhər Yaşıllaşdırma Tresti, Milli Elmlər Akademiyasının alimləri, Bakı Sovetinin nümayəndələri ilə birlikdə bağın inkişafı haqqında tədbirlər planı hazırladı. Həmin tədbirlər Akademiya tərəfindən Nazirlər Sovetinə təqdim edildi və Nazirlər Sovetinin qərarı ilə bağın abadlaşdırılması məsələsi Bakı Şəhər Abadlaşdırma Trestinə həvalə olunub.
Qeyd edilənə görə, bununla əlaqədar olaraq 1978-1980-ci illərdə Botanika bağının abadlaşdırılması işlərinə yeni təkan verildi. 1980-ci ilin axırlarında bağın direktoru vəzifəsinə b.e.n. Arif Əli oğlu Bayramov təyin edildi. Bu illərdə Nazirlər Sovetinin qərarı ilə Bakı Soveti Botanika bağında abadlıq işlərinə başlayır, lakin çox təəssüflər olsun ki, bu işlər ləng aparılır. Bağın bir neçə keçid yollarının, binasının qarşısındakı meydançanın və A.A.Qrossheymin abidəsinin ətrafının abadlaşdırılması ilə iş dayandırılır. 1980-ci illərin axırı və 1990-cı illərin əvvəllərində layihələndirilmiş böyük tikililərin, hovuzların inşası dayandırıldı. Yay mövsümündə suyun çatışmaması, qışda oranjereyalarda istiliyin olmaması, fəhlə qüvvəsinin azlığı səbəbindən, Botanika bağının qiymətli kolleksiyaları: soğangülü (georgin), payızgülü, qarğasoğanı, buynuzbaş, qiymətli ağaclar, güllər, çəmən və oranjereya bitkilərinin bir hissəsi məhv olub sıradan çıxmışdı.
Məlumatlara görə, AMEA Rəyasət Heyətinin "Botanika bağının fəaliyyətinin yaxşılaşdırılması haqqında" 04 fevral 2000-ci il tarixli, 7/2 saylı qərarı ilə Botanika bağı Botanika İnstitutunun strukturundan ayrılaraq Biologiya Elmləri Bölməsinin nəzdində sərbəst elmi-tədqiqat müəssisəsinə çevrilib. AMEA Rəyasət Heyətinin 22 noyabr 2000-ci il tarixli, 22/9 saylı qərarı ilə Nəbatat bağının adı dəyişdirilərək "Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat bağı" adlandırılıb. Bağın Nizamnaməsi, Elmi Şurası və elmi strukturu təsdiq edildi. Elmi Şuranın tərkibinə Nəbatat bağının əməkdaşlarından əlavə, digər elmi idarə və müəssisələrin ixtisasçıları da cəlb edilib.
Hazırda Nəbatat bağının strukturunda İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi, "Ağac və kol bitkiləri", "Nadir və nəsli kəsilməkdə olan bitkilər", "Örtülü şəraitdə becərilən bitkilər", "Çiçəkçilik" və "Bitkilərin mühafizəsi və monitorinqi" laboratoriyaları ilə yanaşı, "Toxumçuluq" və "Bitkilərin xəstəlik və ziyanvericilərilə mübarizə" sektorları fəaliyyət göstərir. Nəbatat bağında 128 əməkdaş, o cümlədən 25 nəfər elmi işçi çalışır ki, onlardan 1 nəfəri AMEA-nın müxbir üzvü, 4 nəfəri elmlər doktoru, 13 nəfəri isə fəlsəfə doktorudur. Son illərdə 8 fəlsəfə doktoru və 4 doktorluq dissertasiyası müdafiə olunmuş, 1 nəfər AMEA-nın müxbir üzvü, 7 nəfər dosent və 2 nəfər professor elmi adı alıb.
Onu da qeyd edək ki, Nəbatat bağının yaradılmasının əsas məqsədi Azərbaycan florasından olan bitki növlərinin introduksiyası və genofondunun qorunmasıdır.
Burada reintroduksiya edilmiş 6 növ nadir ağac və kol bitkilərinin - Qafqaz dağdağanı, tornefort dağdağanı, pontika yemişanı, iyli ardıc, kütyarpaq püstə, meşə gilasının böyümə və inkişaf xüsusiyyətləri ex situ şəraiti ilə müqayisəli şəkildə öyrənilib. 5 növ bitkinin çoxbaşlı berqerantus, müxtəlif yarpaqlı rusxya, qozadaşıyan akantostaxis, əyri exmeya və terminal kordilina untoduksiya şəraitində morfogenezi, struktur əlamətləri öyrənilib və ontogenezin ilkin dövrü üçün becərilmə üsulları işlənib hazırlanıb. Nəbatat bağında tumurcuq mutasiyası nəticəsində alınmış "Əsrin müqaviləsi", "Sarı gəlin" və "Nazpəri" qızılgül sortları üçün müəlliflik şəhadətnaməsi və patent alınıb. Ağıriyli ardıcın radial artım dinamikası öyrənilib, qarğasoğanı cinsi növlərinin kolleksiyası, oduncaq-həlqə xronologiyası yaradılıb.
Qeyd etdiyimiz kimi, Azərbaycan təbiətinin gözəlliyini özündə ehtiva edən Nəbatat bağının hər bir bitkisi bir dünyadır.
Burada gördüklərimiz, onun yaranmasına, fəaliyyətinə dair təqdim etdiyimiz informasiyalar hər bir azərbaycanlının qəlbində sevinc hissi yaratmalıdır.
Onu da qeyd edək ki, bu məkanda çalışan insanların mehribanlığı, səmimiyyəti, təbiətə bağlılığı daha çox insanın bura gəlməsinə, gözəlliklərdən zövq almasına səbəb olur. Odur ki, vaxtınız olanda Bakının qucağında yerləşən Nəbatat bağına getməyi unutmayın. Zəngin Azərbaycan florasını əks etdirən Nəbatat bağında işğal altında olan torpaqlarımızın da bitkiləri əkib-becərilir. Axı biz o torpaqlara qayıdanda buradan da ora nələrsə aparacağıq...
İradə SARIYEVA Günel CƏLİLOVA