Məlum olduğu kimi, Azərbaycanda halal kosmetika məhsullarının istehsalına dair yeni dövlət standartı qəbul edilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS OIC/SMIIC 4:2023 “Halal Kosmetika - Ümumi Tələblər" dövlət standartı qəbul edilib.
İslam Əməkdaşlıq Təşkilatının standartlaşdırma və metrologiya sahəsində əsas qurumu olan İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən qəbul edilmiş normativ sənədlərin ölkə ərazisində istehsal olunan məhsullara tətbiqi, insanların həyat və sağlamlığının qorunması, halal məhsulların ümumi istifadəsinə şəraitin yaradılması, idxal və ixrac zamanı yaranan çətinliklərin aradan qaldırılması və İƏT-ə üzv dövlətlərin qlobal iqtisadiyyatda bazar mövqelərinin möhkəmlənməsi nəzərə alınaraq müvafiq sahədə standartın hazırlanmasına ehtiyac yaranıb.
Standart layihəsi İslam dininin qaydaları əsasında halal kosmetika sənayesi tərəfindən kosmetik təchizat zəncirinin hər bir mərhələsində yerinə yetirilməli olan əsas tələbləri, o cümlədən qəbulu, hazırlanması, istehsalı, saxlanması, qablaşdırılması, etiketlənməsi, nəzarəti, daşınması və paylanmasını müəyyən edir.
Eyni zamanda, standart halal kosmetik vasitələrdən istifadə edən xidmət sahələrini əhatə edəcək. Bu standart ölçüsündən və mürəkkəbliyindən asılı olmayaraq bütün kosmetika kateqoriyalarına və bütün növ müəssisələrə şamil edilir.
Beləliklə, Azərbaycanda rəsmi olaraq kosmetika üçün də halal standartı tətbiq olunacaq.
Maraqlıdır, kosmetikanı halal və ya haram olaraq təsnifatlandırmaq nə dərəcədə düzgündür? Ümumiyyətlə, kosmetikanın da halal-haramı olurmu?
"Kosmetik məhsul hazırlanarkən istifadə olunan inqredientlərin tərkibinin halal olması xüsusi önəm daşıyır, həmin məhsulların tərkibinə bəzən donuz yağı, donuz piyi əlavə olunur, bu da..."
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Bakı-Xəbər" ə açıqlamasında bunları qeyd etdi: "Təəssüflər olsun ki, aidiyyəti qurumlar tərəfindən qərarların qəbul olunmasında ictimai təşkilatlar və KİV təmsilçiləri iştirak etmir. İştirak etsə belə, onların rəyi, fikri nəzərə alınmır. Bu isə düzgün deyil".
Ekspert bildirdi ki, "Halal' adı ilə kosmetika, restoran, otel ola bilər. Bu normaldır: "Məlumat üçün deyim ki, bir ildə dünya əhalisi "Halal" qida mallarına 3 trilyon vəsait xərcləyib. Hətta xristian ölkələri belə "Halal" məhsullarını ekoloji baxımdan təmiz hesab edir. Kosmetik məhsul hazırlanarkən istifadə olunan inqredientlərin tərkibinin halal olması xüsusi önəm daşıyır. Həmin məhsulların tərkibinə bəzən donuz yağı, donuz piyi əlavə olunur. Danılmaz faktdır ki, kosmetik məhsul hazırlanarkən bu tip qatqılardan istifadə olunur. İstifadə olunmazsa o zaman həmin məhsullar "Halal" hesab edilməz. Ancaq hazırlanan məhsulların tərkibinə hansı inqredientlərin vurulmasını izləmək heç də asan deyil. Bu işdə məsuliyyət sahibkarların üzərinə düşür".
AİB sədri hesab edir ki, kosmetika ilə bağlı belə bir standartın olması vacibdir. Azərbaycan "Halal" kosmetik məhsullar istehsal edib xaricə ixrac edə bilər. Bu, iqtisadi baxımdan olduqca əhəmiyyətlidir.
Günel CƏLİLOVA