Məlum olduğu kimi, iyulun 11-dən 15-dək davam edən imtahanlar ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilib.
İmtahanlara riyaziyyat, fiziki tərbiyə, kimya, tarix, coğrafiya, informatika, fizika, fransız dili, ibtidai sinif müəllimliyi, musiqi, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (rus bölməsi), ingilis dili, təsviri incəsənət, texnologiya, biologiya, alman dili, rus dili, rus dili və ədəbiyyatı fənləri üzrə ümumilikdə 57 min 667 namizəd dəvət olunub.
Məlumat üçün qeyd edək ki, onlardan 47 min 586 namizəd test imtahanlarında iştirak edib. Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.
Son iki il ərzində müəllimlərin işə qəbulu imtahanı vasitəsilə müddətsiz müqavilə əsasında 7 724, müddətli əsaslarla isə 11 854 nəfər işə qəbul olunub. Qeyd edək ki, MİQ imtahanında iştirak edən müəllimlərin bir qismi sosial şəbəkələrdə imtahanların daha asan olduğunu bildirsə də, bir qismi sualların çətin olması və yaxud vaxt azlığından şikayətlənir. Bu il də işə qəbul ola bilməyənlər sualların çətin olmasından və vaxt azlığından giley edir. Bundan başqa, narazılar MİQ imtahanlarının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilməsini təklif edirlər.
Maraqlıdır, imtahanlar yenidən təşkil oluna bilərmi? MİQ imtahanlarının Elm və Təhsil Nazirliyindən alınıb Dövlət İmtahan Mərkəzinə verilməsi mümkündürmü?
“İmtahan suallarında hər hansı bir nöqsan, hər hansı bir texniki və yaxud elmi səhvlər varsa, buna həmin imtahanı keçirən müvafiq qurum baxmalıdır”
Təhsil eksperti Elçin Əfəndi bildirdi ki, 14 iyul tarixinə qədər hər şey tam qaydasında idi. 14 iyul tarixində müəyyən problemlərin olduğunu bildirdilər və əsasən də Təhsil İnsitutunun çərçivəsindən kənar sualların olduğu deyilir: “Bəzi sualların çətinlik səviyyəsinin daha çox olması və düşünməyə vaxtın getməsi bu narazılığa əsas gətirilir. Nəticə etibarilə də yüksək bal toplayan müəllimlərin azlığı önə çıxarılır. Təbii ki, imtahan suallarında hər hansı bir nöqsan, hər hansı bir texniki və yaxud elmi səhvlər varsa, buna həmin imtahanı keçirən müvafiq qurum baxmalıdır. Elə səhvlər olduğu halda iştirakçıların xeyrinə müvafiq olaraq bal artımı etməlidir, həmin sualı səhv götürməlidir. Yox, əgər sualların çətinlik səviyyəsi müəllimlərin vaxtlarına təsir edibsə, bu prosesə də baxılmalıdır. Apellyasiya Komissiyası məhz bu kimi halları araşdırılmalı və yenə imtahan verən namizədlərin xeyrinə qərar qəbul etməlidir. Ümumiyyətlə isə, imtahan keçirilirsə, hansı mövzular üzrə sualların olacağı öncədən elan olunmalıdır. Necə ki, Dövlət İmtahan Mərkəzi ali məktəblərə keçirilən qəbul imtahanı zamanı proqramlarını təqdim edir, düşünürəm ki, Elm və Təhsil Nazirliyi də imtahan keçirirsə, proqramı açıq şəkildə bildirməlidir. Çünki belə bildirmə halları olmadığı zaman müəyyən işbazlar bu imtahanlardan maksimal dərəcədə faydalanırlar. Hərə öz ağlına gələn kitabını çap edir ki, suallar burdan düşəcək”.
Ekspert hesab edir ki, bu kimi halların olmaması üçün Elm və Təhsil Nazirliyi müəyyən təqdimatını öncədən etməlidir. Etmirsə o zaman müəllimlərim işə qəbul imtahanını da artıq aidiyyəti quruma - DİM-ə yönəltmək daha doğru olar. Ən azından, Elm və Təhsil Nazirliyi ilə konkret təcrübələr bölüşdürülə bilər ki, belə hallar bir daha yaşanmasın.
Günel CƏLİLOVA