Bakıda bir sıra yollar asvaltlansa da, yollardakı kanalizasiya quyularının qapaqları sürücülərə ciddi təhlükə yaratmaqdadır. Problem ondadır ki, yollar keyfiyyətsiz inşa edildiyindən çox keçmədən kanalizasiya qapaqları qoyulan yerlərdə çöküntülər əmələ gəlir. Sürücülər həmin kanalizasiya quyularının qapaqlarından yayınmaq üçün qeyri-ixtiyari əks yola çıxır və bu da qəza təhlükəsi yaradır.
Məsələn, Binəqədi rayonun DSK adlanan yolunda belə vəziyyət hökm sürür. Yolun ortasında bir-birinə yaxın (10-15 metr məsafə ilə) kanalizasiya qapaqları çöküb. Halbuki, sözügedən yolun asfaltlanması çox yaxın illərdə həyata keçirilib. Sürücülər deyir ki, dəfələrlə bu kanalizasiya qapaqları qəzalara səbəb olub. Nə qədər avtomobili peşəkarlıqla idarə etsən də, təhlükəli vəziyyətlərdən yayınmaq o qədər də asan olmur. Yolda elə yerlər var ki, kanalizasiya qapaqları 10-15 santimetr dərinlikdə yerləşir. Bu səbəbdən avtomobillərin altı zərbəyə məruz qalır.
Avtomobil Yolları Dövlət Agentliyindən deyiblər ki, sözügedən məsələ ilə bağlı araşdırmalar aparılacaq. Daha sonra yaxın müddətdə həmin problem tam olaraq aradan qaldırılacaq.
“Hansı yolda belə problemlər yaranıbsa, yolun keyfiyyətsiz asfaltlanmasına görə məsul olan şirkət cavab verməlidir”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin fikrincə, təkcə Binəqədinin DSK adlanan yolunda kanalizasiya qapaqları sürücülərə təhlükə törətmir: “Fikir versək görərik ki, Bakının əksər küçələrində yollarda belə yöndəmsizliklər var. Ya görürsən ki, kanalizasiya qapağı 10 santimetr dərinlikdədir, ya da görürsən əksinə yuxarıdadır. Yəni kanalizasiya qapağı hündürdədir, yol isə ondan aşağıda. Hər iki halda bu, avtomobillərin normal hərəkəti üçün problemlər yaradır və qəza risqini artırır. Yol tikintisi normalarına görə, bu eyni səviyyədə olmalıdır. O dərəcədə eyni olmalıdır ki, avtomobil hərəkətdə olarkən bu, hiss olunmasın. Ancaq problem ondadır ki, paytaxt yollarının heç də hamısı keyfiyyətli salınmayıb. Yollar çəkilərkən ciddi nöqsanlara yol verilir. Nəticədə də belə arzuolunmaz problemlər meydana çıxır. Hesab edirəm ki, hansı yolda belə problemlər yaranıbsa, o zaman yolun keyfiyyətsiz asfaltlanmasına görə məsul olan şirkət cavab verməlidir. Buna görə cavabdeh tərəf cərimələnməlidir. Fikrimcə, bu kimi cəza tədbirləri həyata keçiriləcəksə, o zaman belə problemlərin sayı az olacaq. Asfalt örtüyü normalara uyğun döşənəcək”.
Bir sözlə, ekspert hesab edir ki, nəzarət və cəza tədbirləri sərtləşdirilməlidir.
Vidadi ORDAHALLI