Uca dağların ətəyinə sığınan Lerik rayonunun Conu ərazisi 8 kəndi birləşdirir. Bəri başdan deyim ki, onların bugünkü taleyi sözün əsl mənasında ürək ağrıdır. Ərazinin çox hissəsi boşalmışdır. Hər addım başı qapısı qıfılı, üstü, divarı dağılmış evlər rastına çıxır. Son vaxtlar yurd yerini qoyub köçənlər daha çoxdur. Az qalan əhali də sosial problemlər girdabında əzab-əziyyət içində günlərini sayır. Conulular deyirlər ki, sovet dağılanı dər-sər bizi rahat buraxmır. Dağ kəndlərin ağır həyatı ilə maraqlanan yoxdur.
Gözdən uzaq düşən ərazinin yolları bərbad vəziyyətədir. İllərlə təmir üzü görməyən yollar ilin ən azı 6 ayı bağlanır. Burada günlərlə işıqların sönməsi artıq ənənə şəklini almışdır. Hətta, ərazinin çox yerində dibi çürük, elektrik məftillərdən asılı vəziyyətdə qalan, iyirminci əsrin 60-ci illərin “yadigarı” olan ağac dirəkləri də vardır. Conuda bankomatın təşkilinə ciddi ehtiyac yaranıb. Çünki ayağı yer tutan ata yurdunu tərk edib, qalan yaşlı adamlar ictimai nəqliyyatın yoxluğu üzündən bir yerə çıxa bilmirlər. Vacib ehtiyacı ödəmək üçün yola çıxmaq müşkül məsələdir. Dövlət tərəfindən əhalinin sağlamlığına göstərilən qayğı burada çoxdan unudulub. Vay o günə ki, bir xəstələnə. Ona dərman, eləcə həkim tapmağa həyatının sonu ilə tamamlanır... Son vaxtlar “mavi” qazın yoxluğu bütün problemləri üstələyib. Meşələrə giriş qadağandır, soyuq evləri isitməyə camaat yanacaq odun tapa bilmir.
Bəli, müasir dövrdə conulular insan kimi yaşamır və doğma el-obada özlərinə bir gün ağlamağa da çıxış yolu görmürlər. Acınacaqlı vəziyyətlə barışmaq məcburiyyətində qalıblar.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü