Təbiətin cana gəldiyi bu yaz günlərində Lerikin Bürsülüm, Ləkər, Vov, Qışlaq kəndlərinə yaxın meşələrdə ağac kəsən motorların səsi bütün gün boyu kəsilmir. Özü də doğranan təbii şəkildə qocalan, yıxılan və çürüyənlər yox, cavan, sağlam, nadir ağaclardır.
Daha sonra bu vəhşiliyini gizlətməkdən ötrü kötüklərin üstünə yarpaq, qurumuş odun qırıntıları töküb onlara od vururlar. Bir meşə quldurun hərisliyi üzündən həm də təz boy verən neçə-neçə “körpə fidan” ın həyatına son qoyulur. Şəhid edilən ağacların kötüklərini görəndə insan dəhşətə gəlir. Qırıntı bu sürətlə davam etsə, bir-iki aya dediyim meşələrdən əsər-əlamət qalmaz. Qaldı ki, bu fəlakət, dəhşət meşə işçilərin tükünü belə tərpətmir. Çünki əli baltalı-mişarlı elə onların özləridir. Ağına-bozuna baxmadan təbiətə qarşı bu amansızlıq hər gün də sürətlənir.
Dediyim ərazilərdə meşələrı bilə-bilə, məqsədli şəkildə qırırlar. Təbiətin gözəlliyinə, insanlara nadir bəxşişinə qənim kəsilənlər hətta, çox yerdə kəsilmiş ağacların yerində qanunsuz evlər tikirlər, səfalı məkanlarda istirahət yerləri açırlar. Ağır məsələ odur ki, meşələrin son illərdə məhvinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “ustalıqla” göz yumurlar. Bu da ondan irəli gəlir əli baltalı cəlladların qəddarlıqla qırdığı cavan ağaclardan gələn gəlirdə onların da payı vardır. Açıq-aydın ucqar dağ rayonu Lerikin zümrüd donlu meşələrində gedən soyqırımı yalnız elə meşə işbazların varlanması üçündür.
Cavan ömrünə son qoyulan ağaclar ən azı ağıllı, gələcəyi düşünən hər bir kəsdən imdad gözləyir. Artıq bu haraya yetişmək məqamıdır. Axı meşəsiz həyat yoxdur. Gəlin, həyatımıza qəsd etməyək. Təbiətin səxavətindən bu qədər sui-istifadə etmək fəlakətdən başqa bir şey deyil...
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü