Dünyada ən təhlükəli infeksiyalardan hesab olunan vərəm xəstəliyindən hazırda təqribən 20 milyona yaxın insan əziyyət çəkir. XX əsrin əvvəllərində insan ölümünün əsas səbəblərindən sayılan bu xəstəlik son günlərdə yenidən gündəmə gəlib. Azərbaycanda da xeyli sayda insanın yoluxduğu vərəm xəstəliyi artıq uşaqlar arasında da geniş yayılmaqdadır.
Açıqlanan statistik rəqəmlərə əsasən, vərəmə yoluxanlar arasında kişilər üstünlük təşkil edir.
Bu günlərdə paytaxtda Yaponiya-Azərbaycan Dostluq ili - 2022 kontekstində Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Elmi-Tədqiqat Ağ ciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova bildirib ki, ötən il 658 nəfərdə dərmana davamlı vərəm aşkar edilib. Dərmana davamlı vərəm xəstələrindən 964 nəfəri müalicəyə qoşulub. İnstitut direktoru qeyd edib ki, vərəm xəstələri arasında kişilərin sayı çoxluq təşkil edir.
“Vərəm xəstəliyi yaradan sosial amillərdən biri də yaşayış tərzi və qidalanma faktoru ilə birbaşa bağlıdır”
Adıçəkilən xəstəlikdən əziyyət çəkənlərin sayının artması barədə fikir bildirən həkim ekspert Pərvanə Mustafayeva bildirdi ki, belə xəstələrin stiqmaya məruz qalması, yəni onların öz xəstəliklərini gizlətməsi və qeydiyyatdan yayınmaları bir növ normal sayıla bilər: “Çünki onlar ətrafdakıların vərəmli xəstələrdən qaçdığını bilir. Bu da təbiidir, sağlam insanlar özlərini vərəmə yoluxmaqdan qoruyur. Lakin vərəmli xəstələrdən qaçmaq, onlarla ünsiyyətdən yayınmaq düzgün deyil. Əksinə, hamı çalışmalıdır ki, onlar da tez sağalıb cəmiyyətdə yerini tutsun. Ümumiyyətlə, insan yalnız ağrı hiss etdiyi halda həkimə qaçmamalıdır. Xüsusən də vərəm xəstələri üçün müalicə kursu uzunmüddətli və davamlı olmalıdır. Bu xəstəliyin spesifikası keyfiyyətli və uzunmüddətli müalicə, normal və sabit həyat şəraiti tələb edir. Ancaq bunların heç biri normal deyil. Vərəm xəstəliyinə qarşı dərmanlar bahadır və bəziləri ümumiyyətlə, az tapılır. Ona görə də insanlar bu dərmanlardan lazımi səviyyədə istifadə edə bilmir və nəticədə ölüm halları artır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, vərəm xəstəliyi yaradan sosial amillərdən biri də yaşayış tərzi və qidalanma faktoru ilə birbaşa bağlıdır. Həmçinin qapalı yerlərdə çalışan adamlarda xəstəliyə yoluxma risqi yüksəkdir: “Statistika onu göstərir ki, sosial vəziyyəti aşağı olan ailələrdə, cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan məhbuslarda vərəmə yoluxma faizi daha yüksəkdir və bu fakt ətrafdakıların da xəstəliyə yoluxma risqini artırır. Onu da nəzərə almaq lazımdır ki, vərəm xəstələri üçün düzgün qidalanma əsas şərtdir. Həmçinin, havanın təmizliyinin vərəmli xəstələr üçün əsas şərtlərdən olduğunu da unutmaq olmaz.
Onu da qeyd edim ki, vərəm xəstəliyini törədən vərəm çöpləridir. Xəstəlikdən qorunmaq üçün ilk növbədə vaxtlı-vaxtında həkim müayinəsindən keçmək mütləq şərtdir. Aşağı tənəffüs yollarında hər hansı bir xəstəlik – məsələn, bronxolit, yaxud müxtəlif öskürək kimi xəstəliklər müşahidə edildiyi zaman vaxtında və düzgün tədbirlər həyata keçirilməlidir. Bəzən düzgün edilməyən müalicə, yaxud səhv diaqnoz sonra vərəmə gətirib çıxara bilir. Xəstəliyin yaranma səbəblərindən biri də düzgün olmayan həyat şəraitidir. Evlərin, ofislərin işıqlanmaması, yaxşı qidalanmamaq vərəmin inkişafına şərait yaradır”.
Günel CƏLİLOVA