İçməli su istifadə etmək məqsədilə həyətlərində xüsusi qurğularla su əldə edən vətəndaşlar pul ödəyəcəklər. Bu barədə Nazirlər Kabinetinin təsdiqlədiyi “Sudan ödənişli istifadə Qaydaları” haqqında qərarda qeyd edilib. Tarif (Qiymət) Şurasına sudan istifadə haqqını (tarifləri) müəyyən etməsi tapşırığı da verilib. Qərara görə, vətəndaş çay, göl və anbarlardakı sudan istifadə edəcəksə, pul ödəməli olacaq.
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib ki, ölkənin şirin su ehtiyatlarının azlığı, qlobal iqlim dəyişikliyi, son illərdə yağıntıların və qonşu ölkələrdən daxil olan suların xeyli azalması, digər tərəfdən, iqtisadiyyatın müxtəlif sahələrinin sürətlə inkişafı, kənd təsərrüfatı sahələrinin genişlənməsi və nəticədə suya olan tələbatın gündən-günə artması ölkənin davamlı sosial-iqtisadi inkişafında mühüm rolu olan su ehtiyatlarının qənaətlə istifadəsi və mühafizəsini olduqca əhəmiyyətli edir.
Qaydalara əsasən, texniki qurğular və avadanlıqlar tətbiq etməklə, su və su təsərrüfatı obyektlərindən, o cümlədən yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən suyun həcminə görə ödənişlər həyata keçiriləcək.
Qeyd edək ki, bu qərar ictimaiyyət arasında narazılığa səbəb olub.
Natiq Cəfərli: “Quyu suyundan istifadəyə görə ödənişin necə ölçüləcəyi də məlum deyil, bu, vətəndaşlarla dövlət qurumları arasında narazılığa səbəb olacaq”
Iqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, yeni qərarın hansı nəzarət və ödəniş mexanizmləri ilə həyata keçiriləcəyi suallar doğurur: “Bu qərar əhalinin böyük narazılığına səbəb ola bilər. İnsanların illərdir öyrəşdiyi davranış qaydaları var. Suvarma və istehsal sahələrində su resurslarından istifadə üçün əlavə ödəniş nəzərdə tutulub. Məsələ burasındadır ki, istehsal sahələrində texniki sudan istifadə ilə bağlı ayrıca qaydalar var. Onlara sayğaclar qoyulur, müəyyən ödənişlər edilir. Yeni ödəniş mexanizminin necə olacağı bu qərarda öz əksini tapmayıb. Suvarma üçün nəzərdə tutulan suyun 10 kubuna 50 qəpik ödəniş edilir. Bu, Tarif Şurasının qaydalarında öz əksini tapıb. Yəni qərarda qaranlıq qalan məqamlar var. Quyu suyundan istifadəyə görə ödənişin necə ölçüləcəyi də məlum deyil. Bu, vətəndaşlarla dövlət qurumları arasında narazılığa və ciddi şəkildə müzakirələrə səbəb olacaq. Ən yaxşı halda, ildə büdcəyə 2 milyon manat əlavə vəsait daxil ola bilər. Bu qədər kiçik bir vəsait üçün ciddi sosial narazılıq yaratmağa dəyməz. Ona görə də qərarın işlək olacağını düşünmürəm. Çünki bu çox həssas və ağır məsələdir. Qaydalara uyğun və vətəndaşların məmnun edə biləcək mexanizmin hazırlanacağını düşünmürəm. Əsasnamədə ekoloji tarazlıq və sudan səmərəli istifadə məsələsi xüsusilə qeyd olunub. Əhali özü də bu məsələdə maraqlıdır. Həyət evlərində ən yaxşı halda quyu suyundan əhali öz bağını, bostanını suvarmaq məqsədilə istifadə edir. Bunun nəyi pisdir ki? Əksinə, bu, ərzaq təhlükəsizliyinin bir hissəsidir”.
Elxan Əliyev: “Əkinçiliklə məşğul olanlar təsərrüfat sahələrini lazımi səviyyədə suvara bilməyəcək, bu da ərzaq məhsullarının qiymətinin qalxmasına təsir edəcək”
Sosial sahə üzrə ekspert Elxan Əliyev bildirdi ki, yeni qaydalara görə müxtəlik texniki vasitələrlə, eləcə də avadanlıqlardan istifadə etməklə yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər suyun həcminə görə ödəniş ediləcək: “Sudan ödənişli istifadənin tətbiq edilməsinin əsas məqsədi su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması, eləcə də suyun dəqiq uçotunun aparılmasıdırsa, onda tariflər ən minimum səviyyədə müəyyən edilməlidir. Yoxsa su təsərrüfatına qaş düzəldən yerdə kənd və ev təsərrüfatlarının gözünü vurub çıxaracağıq. Kənd yerlərində əkinçiliklə məşğul olanlar təsərrüfat sahələrini lazımi səviyyədə suvara bilməyəcək, bu da ərzaq məhsullarının qiymətinin qalxmasına təsir edəcək”.
Günel CƏLİLOVA