Azərbaycanda süni uşaq qidaları 16 faiz bahalaşıb. 400 qramlıq qarışıq süni qidanın qiyməti 3 manat bahalaşaraq 20 manatdan yuxarı olub. Bu da 1 uşağa 3 gün bəs edir. Bu hələ qiyməti ucuz olan qidadır. Uşaqlar üçün elə süni qidalar var ki, onların qiyməti daha yüksəkdir. Məsələn, “Smilac Gold” uşaq qidasının qiyməti 35-36 manat arasında dəyişirdisə, indi həmin qidaların qiyməti 40 manatdan bahadır. Hətta keçi südündən hazırlandığı deyilən qidalar var ki, onların qiyməti 60 manatdır.
Problem həm də ondadır ki, qiyməti ucuz olan süni uşaq qidalarına palma yağı qatılır. Halbuki, bu yolverilməzdir. Çoxu bunun dərdindən məcburən bir qədər bahalı süni qida alır. Tək süni qida ilə iş bitmir axı. Uşağın digər xərcləri də var. Bu qidaların demək olar hamısı xaricdən idxal olunur. Ölkədə süni uşaq qidasının istehsalı üçün xammal imkanı geniş olsa da, nədənsə, bunu reallaşdırmaq üçün hər hansı addım atılmır. Satışda olan süni uşaq qidaları məhz idxal məhsuludur. Qiymətlərin belə kəskin bahalaşmasının başlıca səbəbi də bununla bağlıdır.
Maraqlıdır, xammal bazası ola-ola niyə daxildə istehsal təşkil olunmur?
“Sahibkarların marağı yoxdur, İqtisadiyyat Nazirliyi də bu istiqamətdə stimullaşdırıcı addımlar atmır”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov ölkədə süni uşaq qidası istehsalının təşkil olunmamasının səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Bunun bir səbəbi sözügedən sahəyə marağın olmaması ilə bağlıdır. Həm sahibkarların marağı yoxdur, həm də İqtisadiyyat Nazirliyi bu istiqamətdə stimullaşdırıcı xarakterli addımlar atmır. Süni uşaq qidasını daxildə istehsal etmək üçün böyük vəsaitlərə ehtiyac var. Buna hər sahibkarın imkanı yoxdur. İmkanı olan də müəyyən səbəblərdən tərəddüd edir. Üstəlik, qida idxalı ilə məşğul olan inhisarçı dairələr bunda maraqlı deyil. Dövlət səviyyəsində yerli istehsalı quran sahibkarlara uzunmüddətli və güzəştli şərtlərlə kreditlər verilməlidir. Hər il uşaq qidaları və digər ləvazimatlarla bağlı yüz milyonlarla vəsait ölkədən çıxır. Xaricdən ciddi asılılıq olduğu üçün, uşaq qidalarının qiyməti durmadan artır. Nə qədər ki yerli istehsal yoxdur, vəziyyət elə belə də davam edəcək. Ancaq istehsal təşkil olunana qədər də vəziyyətə müdaxilə etmək olar. Fikrimcə, idxal olunan bütün uşaq qidaları gömrük rüsumlarından və vergilərdən azad edilməlidir. Bu minvalla qiymətlərin bahalaşmasını qismən önləmək olar. Ona görə də sözügedən məsələ ilə bağlı kompleks tədbirlər görülməlidir. Uşaqlara çəkilən xərclər artdıqca, ailə qurmaq istəyənlərin, ailələrdə uşaqların sayı azalır. O baxımdan hesab edirəm ki, bu çox təhlükəli tendensiyadır”.
Bir sözlə, ekspert hesab edir ki, daxildə uşaq qidası istehsalını qurmaq üçün görüləsi işlər çoxdur.
Vidadi ORDAHALLI