Görünür ki, Lerik rayonunun ucqar dağ kəndlərində fəaliyyət göstərən dükanlar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin maraq dairəsində deyil. Belə olmasaydı, heç olmasa yarandığı beş ildə agentliyin əməkdaşların yolu bir dəfə bu dükanlara da düşərdi. Demək olar ki, rayonun bütün kəndlərində ayrı-ayrı imkanlı adamlar dükan açıblar. Belə “ticarət obyektləri” yaşayış evlərinin alt mərtəbəsində, işiq düşməyən, nəmişliyi olan darısqal otaqlarda yerləşir. Yarandığı 30 il müddətdə onların əhaliyə necə xidmət göstərdiyinə nəzarət olunmayıb.
Dükanlar həmişə ağzına qədər müxtəlif ərzaq məhsulları ilə dolu olur. Qaldı ki, hamısı vaxtı keçmiş və çoxunun mənşəyi belə bilinmir. Daha dəqiq desək, Lənkəran şəhərində fəaliyyət göstərən iri şirkətlərin köhnəlmiş, istifadəyə yararsız, hətta insan həyatı üçün olduqca təhlükəli ərzaqlardır. Qiymətlərə gəldik də isə hər şey üç qat bahasına satılır.
Onu da bildirim ki, Lerikin heç bir kəndində ictimai nəqliyyat işləmir. Dükan sahiblərin isə öz maşınları vardır. Bu səbəbdən əhalinin rahatlığı naminə dövlətin çəkdiyi yolları dədə malı kimi zəbt ediblər. Yəni heç bir sənədi, hətta çoxunun sürücülük vəsiqəsi olmadan fərdi taksiçiliklə edən bu “sürücülər” adam rayon mərkəzinə, ətraf yerlərə, eləcə də ərzaq almağa gedəndə tez onun qabağını kəsirlər. Amma getdikləri məsafəyə görə elə bir qiymət deyirlər ki, bu məhdud maddi imkanlı insanlara qətiyyən sərf etmir. Elə çox buna görə kənd dükanların vaxtı keçmiş ərzaq məhsullarını almaq məcburiyyətində qalırlar...
Artıq Lerik kəndlisi öz “tacir” eloğullarının naqis əməlindən bezar olub. Təəssüf ki, rayonda hələlik bu özbaşınalığa son qoyan tapılmır...
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü