“Bakı inkişaf edir, böyüyür və son vaxtlar Bakının memarlıq məsələlərinə xüsusi diqqət göstərilir. Vaxt var idi ki, Bakıda inşa edilən eybəcər, yöndəmsiz binalar göbələk kimi üzə çıxırdı. Heç bir memarlıq normalarına uyğun gəlməyən, heç bir memarlıq əmsallarına cavab verməyən bu yöndəmsiz binalar Bakının bəzi yerlərinin simasını əfsuslar olsun ki, mənfiyə doğru dəyişmişdir. Ancaq son vaxtlar bu məsələyə ciddi nəzarət var”.
Bunu Prezident İlham Əliyev martın 3-də Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Prezident bildirib ki, dövlət tərəfindən bütün bu məsələlər tənzimlənir və icazəsiz, qanunsuz tikililərin sayı xeyli azalıb: “Amma hələ də belə hallar var və mən bütün qurumları, dövlət qurumlarını və sahibkarları xəbərdar etmək istəyirəm ki, buna yol verilməyəcək. Xüsusilə sahibkarlara müraciət edirəm, qazanc dalınca getmək o demək deyil ki, biz unikal şəhərimizi eybəcər binalarla korlayaq. Biz buna imkan verməyəcəyik, qanunsuz tikililərə son qoyulmalıdır. Bu məsələyə nəzarət edən bütün orqanlar bu işlərə çox ciddi yanaşmalıdır - Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhərində yerləşən rayonların icra başçıları. Əminəm ki, bundan sonra Bakı vahid memarlıq konsepsiyası əsasında inkişaf edəcək”.
Ölkə başçısının da qeyd etdiyi kimi, bu sahədə hələ də problemlər var. Yeni binalar inşa edilərkən müvafiq sənədlər tələb olunur. Bəs binanın xarici görünüşü ilə bağlı hansısa standartlar varmı?
Ekspertlər bildirir ki, şəhərin içində əsas problem kimi binaların bir-birinə çox sıx yerləşməsini göstərmək olar. Bu, xarici görünüşlə bağlı eybəcər görüntü yaradır, binanın özünün arakəsmələri, 2-3 binanın bir yerdə tikilməsi artıq bir binanın digər binaya kölgə salmasına səbəb olur. Gün işığının qarşısının alınması eybəcər vəziyyətə gətirib çıxarır.
“Azərbaycanda binaların xarici görünüşü ilə bağlı standart qaydalara əməl edilmir”
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qeyd etdi ki, Bakıda tikinti sahəsində problem illərdir mövcuddur: “Məlumat üçün bildirim ki, Bakının son baş planı 1986-cı ildə hazırlanıb. Həmin illərdə Bakıda əhalinin sayı təxminən 1 milyon idi. Şəhərin infrastrukturu 1 milyondan çox insan üçün nəzərdə tutulmuşdu. Bu gün isə Bakı əhalisinin sayı 1986-cı ildən bugünə dəfələrlə artıb. Onu da bildirim ki, şəhər daha çox içəridən tikilib. Normalda isə şəhər genişlənməli idi”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Bakının bir sıra ərazilərini söküb, orda müasir standartlara cavab verən binalar tikmək olar. Yasamal, Alatava, Papanin adlanan ərazidə olan tikililəri söküb, daha gözəl layihəli binalar tikmək olar.
Ekspertin sözlərinə görə, bu gün tikinti işləri əvvəlki illərdən fərqli aparılır: “Bununla bağlı xüsusi qayda da var. Həmçinin, tikinti materiallarının qiymətinin artması tikinti şirkətlərinin qiyməti artırmasına səbəb olur.
Tək paytaxt ərazisində istismar müddətini bitirmiş minlərlə bina var. Həmin binalardan 100-ü qəzalı kimi qeydiyyata alınıb. O binaları söküb, yenisi ilə əvəz etmək işi ilə dövlət deyil, MTK-lar məşğul olur. Ancaq MTK-lar bu gün söküb-tikmək işinə elə də maraqlı deyil. Bunun da müxtəlif səbəbləri var”.
E.Fərzəliyev bildirdi ki, şəhərin baş planının qorunması üçün böyük binaların tikintisinə icazə verilmir. Icazə verilmədiyinə görə də bu sahədə müəyyən axsamalar qeydə alınır: “Yaxşı olardı ki, baş plan daha öncədən hazır olardı. Tikinti işləri də həmin plana uyğun olaraq həyata keçirilərdi”.
Ekspert onu da vurğuladı ki, Azərbaycanda binaların xarici görünüşü ilə bağlı standart qaydalara əməl edilmir. Xarici ölkələrdə hansısa küçə və ya ərazidə olan binaların görkəmi eyni olur. Ancaq bizdə fərqlidir: “Ərazidə 30-a yaxın yeni tikili varsa, onların hər biri fərqli rəngdə və layihədədir. Bu da şəhərin görkəminə xələl gətirir. Ümumiyyətlə, binaların standart layihəsi yoxdur. Kim necə istəyib, o cür də inşa edib”.
Günel CƏLİLOVA