Lerik rayonunun Vov kəndində bu gün həyat çox ağırdır. Uzun illər bu dağ kəndində yığılıb qalmış sosial problemlər artıq son həddədir. Burada insan amilinə xidmət edən heç bir xidmət növü yoxdur. Daha dəqiq desək yerli məmurların biganəliyi üzündən dövlətin öz vətəndaşı üçün yaratdığı bütün rahatlıqdan vovlular mərhum olublar.
30 ildir ki, Vovda heç bir iş görülmür. Ən çox camaatı narahat edən kənd yollarıdır. Yayda toz-torpaq, yağışda, qarda isə palçıq əlindən kənddə tərpənmək olmur. İkinci Qarabağ müharibəsi şəhidi Samir Hüseynovun atası Əlizadə deyir: - Biganəlik üzündən kənddə insan kimi yaşamaq olmur. Ölkəmizdə gedən sosial tərəqqi bizi sevindirir. Qaldı ki, Lerikin dağ kənləri heç kimin yadına düşmür. Mənim yaşadığım Vov kəndi də belə. Sözün tam mənasında uzun illər yığılıb qalmış problemlər kənd sakinləri zəlil günə qoymuşdur. Rahatlığımız sovet dağılanı əlimizdən alındı. Hətta kəndə işləyən avtobus da yoxa çıxdı. Ümumiyyətlə, yaşadığımız günlər gün deyil.
Bəli, Lerikin dağ kəndi Vov sosial məsələlərin məngənəsində can verir. Bu gedişlə yaxın vaxtlarda onun tamam yox olmaq təhlükəsi vardır. Buranın bərbad yollar bir yana qalsın, işıqları da tez-tez sönür. “Mavi” qazın yoxluğu vovluları daha çətinə salır. Artıq kəndə yaxın meşə də tükənib. Respublikada bankomatların tətbiqindən sonra burada yaşlı adamlar aylarla pensiyalarına həsrət qalırlar. Vovlular xəstələri üçün həkim, dərman tapmaqda min bir əziyyət çəkirlər. Bütün sahələrdə vəziyyət çox ağırdır, elə bil bu kənd Azərbaycana aid deyil.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü