Parklarda "Wi-Fi" şəbəkələri var, ancaq internet yoxdur. Layihəyə görə, vətəndaşlar bu ərazilərdə internetdən pulsuz istifadə etməlidirlər.
Məlumat üçün bildirək ki, pulsuz internet Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Park, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Muğan bağları, Qış, Zabitlər, Dədə Qorqud, eləcə də “Port Baku Residence” və “Port Baku Mall” parklarında da aktiv edilmişdi. Ancaq hazırda bəzi ərazilərdə "Wi-Fi" şəbəkələri işlək vəziyyətdə deyil.
Qeyd etdiyimiz kimi, parklarda "Wi-Fi" şəbəkələrinin yaradılmasında məqsəd həmin ərazidən istifadə edənlərin pulsuz internetdən yararlanması idi. Ancaq "Wi-Fi" şəbəkələri bəzi ərazilərdə artıq işləmir.
Bu hal daha çox Səməd Vurğun, Hüseyn Cavid parkları və "Qış parkı"nda müşahidə edilir. Bu ərazilərdə ya internet ümumiyyətlə işləmir, ya da vətəndaşlar şəbəkəyə qoşulsalar da, internetin sürəti aşağı olduğundan, xidmətdən istifadə edə bilmirlər.
“Bəzi hallarda mobil cihazların "Wi-Fi" interfeysində statik IP ünvan olduğu üçün pulsuz "Wi-Fi" şəbəkəsinə qoşulma baş vermir”
"Bakı Telefon Rabitəsi'' MMC-nin İctimaiyyətlə əlaqələr üzrə sektor müdiri Nuranə Əliyeva məsələ ilə bağlı bildirdi ki, yay mövsümünün gəlişi ilə əlaqədar pulsuz internetdən istifadə edənlərin sayında artım gözlənir. Buna görə də bəzi parklarda internetin verilməsində problem yaşana bilər. Ancaq tezliklə bu problemlər aradan qaldırılacaq.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bəzi hallarda mobil cihazların "Wi-Fi" interfeysində statik IP ünvan olduğu üçün pulsuz "Wi-Fi" şəbəkəsinə qoşulma baş vermir. Qoşulma zamanı dinamik IP ünvanının olması şərtdir. Pulsuz “Wi-Fi” istifadəçiləri bu qaydanı nəzərə alsalar, şəbəkəyə qoşulmada çətinlik yaşanmayacaq”.
Son olaraq onu da qeyd edək ki, park və digər ictimai yerlərdə pulsuz internetin olması yerli vətəndaşların rahatlığı ilə yanaşı, turistləri də cəlb etmək üçün vacibdir. Bu səbəbdən də park və digər ərazilərdə internetin verilişində hər hansı əngəl olmazsa, ölkəyə gələcək turistlərin sayı da artar.
Günel CƏLİLOVA