Bakı Metropoliteninin fəaliyyəti pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən dayandırılıb. Artıq 6 aya yaxındır ki, metro işləmir. Bu müddət ərzində metro işlək olmasa da, metro keçidlərindən istifadə olunur. Ancaq metro keçidləri ilə bağlı xoşagəlməz mənzərə yaşanır. Belə ki, metro keçidlərində natəmizlik müşahidə edilir.
Bəllidir ki, hər gün metro keçidlərindən yüzlərlə piyada istifadə edir. Metro keçidlərinin zibilli olması, istər-istəməz, keçiddən istifadə edənlərin narazılığına səbəb olur. Danılmaz faktdır ki, metro keçidləri piyadaların təhlükəsizliyi baxımından önəmlidir. Piyadaların keçidlərdən istifadəsi isə yol-nəqliyyat hadisələri zamanı piyadaların vurulmasının qarşısını alır.
Metro keçidlərində natəmizliyin olması həmin ərazilərdə yaşayanları da narazı salır. Qeyd edilir ki, küləkli hava şəraitində keçidlərdə olan sellofan torbalar ətrafa yayılır. Təbii ki, bu da müxtəlif növ xəstəliklərin yaranmasına gətirib çıxara bilər.
“Metronun işləməməsinə baxmayaraq, keçidlərin təmizliyi gündəlik həyata keçirilir”
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirdi ki, metro işləməsə də, metro keçidləri hər gün təmizlənir: "Ola bilər ki, belə arzuolunmaz hallar həftəsonu müşahidə olunsun. Bu da həftəsonu ictimai nəqliyyatın işləməməsi səbəbindən hansısa təmizlik işçisinin işə gələ bilməməsi ilə bağlı ola bilər. Məlumdur ki, hava küləkli olduqda zibili sovurub keçidlərə doldurur. Buna baxmayaraq, hansısa keçiddə natəmizlikdən şikayət varsa, bu məsələ dərhal həmin metrostansiyanın rəhbərliyinə çatdırılır və aradan qaldırılır. Metronun işləməməsinə baxmayaraq, keçidlərin təmizliyi gündəlik həyata keçirilir".
Günel CƏLİLOVA