Bu il orta məktəblərdən məzun olacaq bir qrup şagirdin valideyni imtahanın vaxtı daraldıqca həyəcanın daha da artdığını bildirir: “ Axı, pandemiyaya görə uşaqlar məktəbə doğru-dürüst gedə bilməyib. Kaş bunu nəzərə alıb, sualları bir az asan edəydilər. Əsas riyaziyyatdan sualların asanlaşdırılmasını istəyirik. Əyani dərslə onlayn dərslər eyni deyil. Hələ elə uşaqlar vardı ki, internet və ya kompüteri yox idi”.
Dünyanın bəzi ölkələrində bu səbəbdən imtahan sualları sadələşdirilib, amma bəzilərində hələ də ortaq məxrəcə gələ bilməyiblər. ABŞ-da orta məktəblər üzrə buraxılış imtahanları ilə bağlı ciddi fikir ayrılığı var. Bir çox ştatlar bu imtahanların ümumiyyətlə ləğvini təklif etsə də, ABŞ prezidenti Co Bayden administrasiyası qərar verib ki, 2021-ci ildə buraxılış imtahanları əvvəlki illərdə olduğu kimi qalsın. Nyu York ştatı bu qərarın əleyhinə çıxıb və buraxılış imtahanlarında fənlərin çoxunun ləğv ediləcəyini açıqlayıb.
Ötən ilin martından Azərbaycanda da koronavirusa görə xüsusi karantin rejimi elan olunub. Məktəblərdə dərslər onlayn keçirilib. Qeyd edək ki, Azərbaycanda 11-ci siniflərin buraxılış imtahanı aprelin 15-dən başlanıb. Növbəti imtahan günü isə 22-23 apreldə olacaq. Buraxılış imtahanlarını təşkil edən Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyir ki, bütün bu məsələlər nəzərə alınıb. Onun sözlərinə görə, həm 9-cu, həm də 11-ci siniflər üzrə buraxılış imtahanları sadələşdirilib: “11-ci sinfin birinci yarımilində keçilən mövzulardan suallar hazırlanacaq. İkinci yarımildə keçilən mövzulara dair suallar isə daha aşağı siniflər səviyyəsinə uyğun qaydada soruşulacaq. Yəni mövzular, bir qayda olaraq, sadədən mürəkkəbə doğru keçilir. Ona görə, məsələn, 11-ci sinfin ikinci yarısında keçilən hər hansı bir mövzunun sadə forması əslində 10 və ya 9-cu sinifdə öyrədilib. İmtahan zamanı bütün bunlar nəzərə alınacaq və suallar həmin o proqrama əsasən tərtib olunacaq”.
Təhsil məsələləri üzrə ekspert, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onlayn təhsili çox da pisləmək lazım deyil: “Dünyanı bürüyən pandemiya şəraitində yeganə çıxış yolu o idi. Razıyam ki, canlı təhsillə müqayisədə kefiyyət bir qədər aşağıdır. Mən özüm onlayn dərs keçirəm. Tələbələri şəxsən tanımasam da, onlardan razıyam. Gözləyirəm ki, pandemiya qurtaran kimi gedim onları təbrik edim. Dərslərdə yüksək davamiyyət və həvəslə iştiraklarına görə onlara xüsusi minnətdarlığımı bildirim. Buna baxmayaq, mən də müəyyən güzəştlərin tətbiqinin tərəfdarıyam. Sadələşmiş suallar olmalıdır. Mən dəfələrlə Dövlət İmtaham Mərkəzini tənqid etmişəm. Hələ pandemiyadan əvvəl dolaşıq və çətin suallar tərtib etdiklərinə görə. Həmin sualları indiki zamana tətbiq etmək olmaz. Biz Azərbaycanın gələcəyini fikirləşiriksə, bu məsələyə də qayğı ilə yanaşmalıyıq. Dünyanın bir çox ölkələrində bu qaydanı tətbiq ediblər. Mən yalnız fundamental elmlərlə bağlı bu qərarın verilməsinin tərəfdarı deyiləm. Güzəşt bütün fənlərə şamil olunmalıdır. Mənimsəmə zəif olubsa, deməli, bu bütün fənlərə aid olan məsələdir. Ümidavaram ki, bu tələblər nəzərə alınacaq”.
Məhəmmədəli QƏRİBLİ