Yasamaldakı bağça müdirəsi hansı məntiqlə korona xəstələrini işə çıxmağa vadar edir...

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi: “Sözügedən bağçada fəaliyyət göstərən qruplardan birində müəllim koronavirusa (COVID-19) yoluxub”

img

Pandemiya ilə əlaqədar dünyanın bir çox ölkəsində tətbiq olunan qadağalar daha da sərtləşdirilir. Çünki açıq şəkildə etiraf olunur ki, koronavirusun yayılması ilə bağlı vəziyyət son dərəcə ciddidir. Bununla əlaqədar olaraq, insanlar arasında təmasları maksimal dərəcədə azaltmaq və infeksiya zəncirlərini qırmaq üçün məhdudiyyətləri sərtləşdirmək məcburiyyəti yaranıb.

Qaydalara görə, koronavirus infeksiyasına yoluxan şəxs tam sağalana qədər ictimaiyyətlə əlaqəni kəsməlidir. Bir sözlə, virus aşkarlanan şəxs özünü təcrid etməlidir. Bu qaydaya əməl edilərsə, virusdan əziyyət çəkənlərin sayı azalar. O da bəllidir ki, bu qaydaya əməl etməyənlər isə qanunvericiliyin tələbinə uyğun formada cəzalandırılırlar.

Ancaq bəzi iaşə obyektləri, müəssisələr bu qaydalara əməl etmirlər. Belə ki, Yasamal rayonunda yerləşən 117 saylı bağçanın direktoru COVID-19  virusuna yoluxmuş işçilərdən məcburi şəkildə işə çıxmağı tələb edir. Bu barədə sosial şəbəkədə adıçəkilən bağçada çalışanlar öz etirazlarını bildiriblər. Onlar qeyd ediblər ki, 117 saylı bağçanın direktoru Solmaz Hacıyeva koronavirusa yoluxan işçilərini işə çıxararaq karantin qaydalarını sərt şəkildə pozur.

  • ...həqiqəti əks etdirmir”

Məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən bildirildi ki, sözügedən bağçada fəaliyyət göstərən qruplardan birində müəllim koronavirusa (COVID-19) yoluxub: “Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə qrup ikihəftəlik karantinə bağlanıb. Həmin qrupdakı müəllim, texnik işçi və uşaqlar da evə buraxılıb. Bağça dezinfeksiya olunub. Bağçanın direktoru Solmaz Hacıyevanın koronavirusa yoluxan işçilərini işə çağırması ilə bağlı səsləndirilənlər həqiqəti əks etdirmir”.

Günel CƏLİLOVA

Son xəbərlər